Türkiyə də ABŞ vətəndaşlarına viza verilməsini bərpa etdi
Türkiyə Vaşinqtonun addımına analoji cavab olaraq ABŞ ərazisində vizaların verilməsinə qoyulan məhdudiyyəti ləğv etməyi qərara alıb.
“Anadolu” xəbər verir ki, bu bəyanatla Türkiyənin Vaşinqtondakı səfirliyi çıxış edib. Bəyanatda Ankara tərəfindən ABŞ vətəndaşları üçün viza rejiminə tətbiq edilən məhdudiyyətlərin qarşılıqlı prinsip çərçivəsində aradan qaldırıldığı bildirilir.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın Ankaradakı səfirliyi Dövlət Departamentinin Türkiyə ərazisində qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulan məhdudiyyətləri ləğv etdiyinə dair bəyanat yayıb.
Bununla da iki ölkə arasında oktyabr ayından başlayan viza böhranı tam həllini tapıb.
Mənbə:> Virtualaz.org