Türkiyə: Azərbaycan vətəndaşlarına viza tətbiq olunmayacaq
Türkiyənin Azərbaycan vətəndaşlarına viza rejimi tətbiq edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Türkiyə ilə Azərbaycan arasında hazırda mövcud olan gediş-gəliş rejiminə hər hansı dəyişiklik edilməsi nəzərdə tutulmur.
“2007-ci ildən bəri Azərbaycan vətəndaşları ölkəmizə turizm məqsədli səfərləri zamanı 30 gün müddətində Türkiyədə vizasız qalmaq hüququna malikdir”, - deyə bəyanatda vurğulanır.
Xatırladaq ki, Türkiyə mətbuatı Avropa İttifaqı ilə imzalanan viza sadələşdirilməsi və readmissiya sazişi çərçivəsində 2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə, o cümlədən Azərbaycana viza rejimi tətbiq edəcəyi ilə bağlı məlumat yayıb.
Mənbə:> Oxu.Az