Putinin "sağ əli" bizi təriflədi
"Azərbaycan Rusiyanın Qafqazdakı ən əhəmiyyətli tərəfdaşıdır".
ANS PRESS-in məlumatına görə, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçev deyib.
O bildirib ki, biz rus dilinə və Azərbaycanda yaşayan həmvətənlərimizə çox qayğıkeş münasibətə görə Azərbaycan rəhbərliyinə minnətdarıq. Komitə sədri həmçinin qeyd edib ki, Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlıq həm regionlararası əlaqələrə, həm də dövlət səviyyəsində iri layihələrə yol açır:
"Azərbaycanın başqa tərəfdaşları və müttəfiqləri də var. Azərbaycanın seçim palitrası Ermənistanınkından, yaxud Gürcüstanınkından xeyli genişdir. Hazırkı mərhələdə Rusiya-Azərbaycan əməkdaşlığının indiyə qədər olduğu kimi rahat və müsbət inkişaf etməsi üçün heç bir dəfedilməz maneə görmürəm".
Konstantin Kosaçevin fikrincə, qarşılıqlı fəaliyyətin istiqamətləri arasında energetika nəzərəçarpan yer tutur. Onun sözlərinə görə, Azərbaycan və Rusiya rəqib kimi deyil, tərəfdaş qismində çıxış edə bilirlər: "Sənaye, kənd təsərrüfatı istehsalı sahəsində bir çox digər layihələrlə yanaşı, elm və innovasiyalar sahəsində əməkdaşlığı, bu sahədə Azərbaycan ilə ciddi layihələrimizin olduğunu xatırlatmaq yerinə düşər. İşi bildiyim üçün belə danışıram, çünki əvvəllər “Rossotrudniçestvo” Federal Agentliyində birbaşa bu layihələrlə məşğul olmuşam. Qarşılıqlı fəaliyyət üçün ölkələrimizin geniş imkanları var", - deyə Konstantin Kosaçev söyləyib.
Mənbə:> ANSPRESS