Deputat: Deyirlər ki, mən xalqdan üzr istəməliyəm
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə Rusiyanın KM.ru saytına müsahibəsi zamanı səsləndirdiyi “biz türk deyilik” fikrinə olan təpkilərlə bağlı məqalə ilə çıxış edib.
AzNews.info-nun məlumatına görə, “Qafqazinfo” xəbər verir ki, millət vəkilinin rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib ki, onun bu fikri ilə bağlı müzakirələrdə diskussiya mədəniyyətinə əməl edilmir:
“Bu məsələ barədə gəldiyim ilk nəticə ondan ibarətdir ki, diskussiyaya qoşulanlar arasında yanlış mövqedə olanlar da az deyil.
Həmin məqaləni oxumayan və məsələnin mahiyyətinə varmayan bir sıra insanlar sosial şəbəkələrdə, hətta televiziya kanalında məsələ qoydular ki, mən xalqdan üzr istəməliyəm, hətta məsələyə məhkəmədə baxılmasını bildirdilər.
Ünvanıma təhqiramiz fikirlər də ifadə etdilər. Bu çıxışların çoxunu o insanlarda müsahibəm barədə düzgün məlumatın olmaması ilə izah edirəm. Ancaq bu mövzu ilə, sözün əsl mənasında, qidalanan insanlar da özlərini göstərdi.
Mənə deyirlər ki, əslimiz türkdürsə, demək özümüz də türkük. Çalışacam ki, bu məsələni çox sadə və anlaşıqlı bir formada izah edim. Tutalım ki, bir ailədə iki oğlan uşağı yetişir. Valideynlər eyni, tərbiyələri və yaşayış tərzləri də eynidir. Bununla belə, birinin adı Əlidir, o birinin adı Məhəmməddir. Hərəsi bir yol seçməklə, biri zirvəyə qalxır, o biri lazımi səviyyədə inkişaf edə bilmir.
Türk dünyasına mənsub bir çox millətlər var. Çindəki uyğurlardan başlayaraq, qazax, özbək, qırğız, türkmən, azərbaycanlı, türk və s. türkdilli xalqlarla bu siyahını davam etdirmək olar. Ancaq bunların hamısının kökü bir olsa da, müxtəlif əhatədə və şəraitdə formalaşmışlar.
Hətta az saylı və xristian dininə aid olan Moldovada yaşayan türkdilli qaqauzlar da özlərində cəsarət tapıb adlarını düz deyirlər. Lakin bizim özlərini mütəxəssis hesab edən və yüksək elmi dərəcəyə sahib olmuş bəzi insanlarımız bu reallığı qəbul etmək istəmirlər.
Azərbaycan xalqı türk kökünə məxsus olmaqla digər türkdilli xalqlardan fərqlənir. Formalaşdığı ictimai-siyasi mühitə, əhatə etdiyi ərazinin regional xüsusiyyətlərinə, adət-ənənələrinə, mədəni-intellektual səviyyəsinə görə Azərbaycan o ölkədir ki, tək türk yox, bütün müsəlman dünyasında ilk demokratik cümhuriyyət yaradıb.
Azərbaycanın teatr sənəti, musiqisi, ədəbiyyatı bütün türk dünyası üçün örnək olub. İndinin özündə də Azərbaycan müsəlman ölkəsi olaraq Qərblə Şərqi qovuşduran bir mərkəz kimi qəbul edilir”.
A. Rəhimzadə məqaləsində qeyd edib ki, bizim nə pasportumuzda, nə də şəxsiyyət vəsiqəmizdə milliyyətimiz yazılmayıb: “Bu, Azərbaycanın ixtirası deyil, dünyada olan qaydalara uyğunluqdur”.
Mənbə:> Qafqazinfo.az