“Türk Dünyasının Ortaq Dili Naxışlar” adlı Simpozium və sərgi keçiriləcək
AzNews.info xəbər verir ki, Minillik tarixi olan Türk mənşəli xalqların mədəniyyətinin ən əhəmiyyətli maddi elementlərinin başında xovlu və xovsuz xalça nümunələri durur. Sadəcə gündəlik həyatda istifadə olunan bir əşya deyil, eyni zamanda bir sənət əsəri olan bu məhsullar, üzərindəki naxışlarla dünənin və bu günün çox geniş bir əraziyə yayılan Türk mənşəli xalqların vizual əlaqələrinin bir göstəricisidir. Bu xüsusiyyəti ilə naxışlar həmin xalqların estetik dilini təşkil edir və dünyadakı bütün Türk mənşəli xalqların tək millət olduğunu göstərir.
Xalçaçılıq sənətində istifadə olunan naxışların diaxronik və sinxronik araşdırılması onların çox geniş coğrafi ərazidə yaşayan bütün Türk xalqları tərəfindən, ilk öncə xalça toxuculuğu olmaqla, fərqli məhsullarda, əşyalarda, sənət və memarlıq əsərlərində istifadə olunduğunu göstərir. Bu xüsusiyyəti ilə naxışlar Türk xalqları tarixinin qədim zamanlaradək uzanan bir keçmişi olduğunu, Türk duyğu və fikir dünyasında çox əhəmiyyətli izlər qoyduğunu bildirir.
“Türkiyəni, onun mədəni irsini, Türk dilini təbliğ etmək, Türkiyənin digər ölkələrlə dostluğunu inkişaf etdirmək, mədəni mübadiləni genişləndirmək, bununla bağlı daxili və xarici bilikləri və sənədləri dünyanın istifadəsinə təqdim etmək, Türk dili, mədəniyyət və incəsənət sahələrində təhsil almaq istəyənlərə xaricdə xidmət göstərmək” məqsədiylə 2009-cu ildə fəaliyyətə başlayan Yunus Əmrə İnstitutu, bu məqsədini həyata keçirmək üçün çox qısa bir vaxtda dünyanın 43 ölkəsində Türk Mədəniyyət Mərkəzləri açmışdır. Bu mərkəzlərdən biri də Bakı Yunus Əmrə İnstitutudur. 2013-cü ildə açılan Bakı Türk Mədəniyyət Mərkəzi, Azərbaycanda, bir tərəfdən Türk dili kursları ilə təlim və təhsil vəzifəsini icra etməyə çarlışarkən, digər tərəfdən də bir-birinə çox yaxın mədəniyyət dünyasına sahib olan iki ölkənin ortaq dəyərləri üstündə mədəniyyət və incəsənət tədbirlərini davam etdirir.
Əsas məqsədi Türk mədəniyyətinə xidmət etmək olan Bakı Yunus Əmrə İnstitutu, müxtəlif Türkdilli dövlətlərdə və regionlarda naxışların tanıdılmasında, uzaq regionlarda yaşayan Türk mənşəli xalqların naxışlarının ortaq bir şəkildə istifadə olunduğunu göstərərək, bu naxışların Türk dünyasının incəsənətdəki “ortaq dil” olduğu həqiqətini vurğulayaraq, mövzu ilə bağlı ilk addım atıb Bakıda “Türk Dünyasının Ortaq Dili Naxışlar” adlı simpozium keçirməyə qərar vermişdir.
Bakı Yunus Əmrə İnstitutu bu fəaliyyəti ilə həyatını Türk dünyasının birliyinə həsr etmiş İsmayıl Qaspıralının “Dildə, fikirdə, fəaliyyətdə birlik!” fəlsəfəsindən çıxış edərək eyni dili danışan, eyni duyğu və fikir dünyasına sahib olan Türk mənşəli xalqların “fəaliyyət”də də bir olacaqlarını göstərmişdir.
Mənbə:> AzNews.info