Azərbaycandan Jirinosvkiyə CAVAB – FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin Azərbaycan və Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərinə münasibət bildirib.
AzNews.info-nun məlumatına görə, A.Mirzəzadə Publika.az-a deyib ki, nə Jirnovskinin, nə də onun kimi düşünənlərin heç birinin bu istəkləri reallaşmayacaq:
“Azərbaycan öz dövlət müstəqilliyini ona görə qazanmayıb ki, müəyyən vaxtdan sonra onu kiməsə qurban versin! Min illərdən bəri Azərbaycan xalqının qüdrətli tarixi dövlətləri olub. Azərbaycan xalqı öz müstəqilliyini ləyaqətlə daim göstərə bilib. Dövlətimiz bundan sonra daha da qüdrətlənəcək. Xaricdə kimlərsə dünya ölkələrinin sərhədlərini dəyişmək və Azərbaycanı öz tərkiblərinə qatmaq xülyaları ilə yaşaya bilər. Ancaq bu mümkün olan məsələ deyil. Biz son azərbaycanlıya qədər canımızı verərik, ancaq müstəqilliyimizi vermərik. Ona görə də Azərbaycanın dövlət müstəqilliyi heç zaman itməyəcək, biz heç zaman hansısa dövlətin tərkibində olmayacağıq”.
Eks-prezident Ayaz Mütəllibov isə Publika.az-a bildirib ki, Vladimir Jirinovski “təlxək” kimi tanınır:
“Bu cür adamların cəfəng fikirlərinə şərh vermək doğru deyil. Digər tərəfdən isə Jirnovski Kremlin demək istədiyi fikirləri çatdırır. Ancaq onun deməsinə nə verirlər?! Nə qədər danışırsa, danışsın da! Sadəcə olaraq, bu cür fikirlərlə camaatı qızışdırır. Rusiya onun vasitəsi ilə keçmiş SSRİ ölkələrinə “ağıllı olun” mesajını vermək istəyir, təzyiq göstərir, bizi müstəqilliklə təhdid edirlər. Bu cür fikirlər keçmiş SSRİ dövlətlərinin müstəqilliyinə qarşı təhdiddir”.
A.Mütəllibov qeyd edib ki, Rusiyanın uzun illərdir SSRİ-ni bərpa etmək niyyəti var:
“Ancaq bu niyyətin gerçəkləşməsi qeyri-mümkündür. Sadəcə olaraq, indi Rusiya sözlə keçmiş SSRİ ölkələrinə xəbərdarlıq etmək istəyir. Yəni, dünyaya və Qərbə də mesaj verir ki, keçmiş SSRİ ölkələri məkanı uzun illərdir Rusiyanın nəzarətində olub və bundan sonra da belə olmalıdır. Reallıqda isə ortada heç bir addım yoxdur. Hadisələr onu göstərir ki, Qərb bütövlükdə Rusiyaya qarşıdır. Bu yaxınlarda Gürcüstan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız gediş-gəlişi ilə bağlı qərar qəbul edildi. Ukrayna ilə bağlı Rusiyaya qarşı təzyiqlər artmaqdadır. Bu isə Rusiyanın ərazi bütövlüyünə təhdidlər yaradır. İndi Rusiya da bütün bunlara qarşı hərəkətə keçib, sözlə adekvat cavablar verir. Yəni, Rusiya Qərbə demək istəyir ki, postsovet ölkələri keçmişdə olduğu kimi, bundan sonra da Rusiyanın nəzarətində olmalıdır”.
Xatırladaq ki, Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski növbəti dəfə millətçi və şovinist bəyanatlar səsləndirib.
Mənbə:> Publika.az