İlham Əliyev: Avropanın qaza tələbatı artır, biz isə yeni mənbəyik
“Azərbaycanın dövlət və özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur. Regionumuzda olan dövlətlərə, o cümlədən Xorvatiyanın olduğu regiondakı ölkələrə SOCAR, Dövlət Neft Fondu və özəl şirkətlər tərəfindən milyardlarla ölçülən sərmayələr qoyulub”.
Aznews.info APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, bu sahədə də imkanlar nəzərdən keçirilməlidir:
“Əminəm ki, iş adamları bunu da müzakirə edəcəklər. Digər tərəfdən, bizim şirkətlər Xorvatiyada infrastruktur layihələrinin icrasında iştirak edə bilər. Biz, eyni zamanda Xorvatiya şirkətlərini Azərbaycana dəvət edə bilərik. Bu gün Azərbaycanda o qədər də çox Xorvatiya şirkətinin fəaliyyət göstərdiyini demək olmaz. Amma dinamik inkişafı nəzərə alsaq, Xorvatiya şirkətlərini böyük məmnuniyyətlə Azərbaycana dəvət edərdik”.
Prezident İlham Əliyev bildirib ki, turizm sahəsində Xorvatiyanın çox böyük təcrübəsi var:
“Dünən müzakirəmiz zamanı Xorvatiya prezidenti mənə turistlərin sayı ilə bağlı maraqlı məlumat verdi. Biz də Azərbaycanda turizmi inkişaf etdirmək əzmindəyik. Turizm bizim üçün ənənəvi sektor olmayıb, amma artıq şaxələndirmə siyasətini həyata keçirdiyimiz üçün biz də turizmi genişləndirməkdə maraqlıyıq. Artıq turistlərin sayında artım müşahidə edirik. Bu da forumda müzakirə mövzusu ola bilər”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan hazırda kənd təsərrüfatı sahəsinə böyük sərmayə yatırır:
“Biz böyük çeşiddə kənd təsərrüfatı məhsulları ixrac edirik. İnformasiya-kommunikasiya texnologiyaları, təhsil sahələri ilə bağlı da müzakirələr aparıla bilər. Ümumiyyətlə, gündəliyimizdə bir sıra məsələ var. Amma düşünürəm ki, ticarət, idxal-ixrac əməliyyatları, sərmayə qoyuluşu və Azərbaycan şirkətlərinin Xorvatiyada layihələrdə iştirakı məsələləri də bizim üçün olduqca maraqlıdır”.
Enerji siyasətindən söz açan prezident İlham Əliyev deyib ki, bu da birgə gündəliyə daxil olan məsələdir: “Azərbaycan və Xorvatiya arasında Anlaşma Memorandumu imzalanıb. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Adriatik dənizində kəmərin inşası bizə imkan yaradacaq ki, Xorvatiya bazarına, eyni zamanda geniş Balkan bazarına daxil olaq. İmkan yaranacaq ki, bu ölkələr də Azərbaycandan təbii qaz alaraq yeni mənbə əldə etsin. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,5 trliyon kub/metrdir.
Lakin Azərbaycanın təbii qaz ehtiyatları daha da artacaq. Çünki hələ də kəşfiyyat işləri aparılır. Biz ixracı şaxələndirmişik, bir neçə qaz kəmərimiz var. Əsas marşrut isə hazırda inşa edilir. Cənub Qaz Dəhlizinə 4 layihə daxildir, bu layihələrin hər biri icra mərhələsindədir. “Şahdəniz” dünyanın ən böyük qaz mənbələrindən biridir, orada ikinci fazanın icrasına başlayacağıq.
Bununla yanaşı, Avropa istiqamətində 3 qaz kəməri inşa edilir. Sonuncu mərhələ Trans Adriatik Qaz kəməridir. Bu kəmər Xorvatiyanın yerləşdiyi regiona yaxındır. Həmin qaz kəmərinin həmin regiona uzadılması ilə məşğul ola bilərik. Bu məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, tezliklə artıq danışıqların fəal fazasına başlaya bilərik. Bu, təhlükəsizlik, enerji şaxələndirilməsi layihəsidir. Hər tərəf uduşda olacaq. Çünki biz Avropa bazarına çıxış əldə edirik, avropalı istehlakçılar isə əlavə mənbələr əldə edir.
Bilirik ki, Avropanın qaza tələbatı artır. Biz isə yeni mənbəyik və yeni ixrac marşrutu təklif edirik. Bu da bizim üstünlüyümüzdür. Bununla bərabər, 5 il əvvəl Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlıq barədə müqavilə imzalamışıq”.
Prezident onu da bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında danışıqlara başlayır:
“Qaz kəmərinin tikintisi ilə Xorvatiya ilə strateji əməkdaşlığımız enerji sahəsini də əhatə edəcək. Bu, onilliklər boyu belə olacaq. Enerji Azərbaycanın Avropa təsisatları və Avropa İttifaqına üzv dövlətlərlə ilə əməkdaşlığında mühüm sahədir. Qonşu dövlətlərimiz də bu layihələrdə fəal iştirak edir”.
Mənbə:> APA