Elmar Məmmədyarov: İmkan olduqca uşaqlarla futbol oynayıram
“İmkan olduqca uşaqlarla futbol oynayıram”.
AzNews.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Xarici işlər naziri Elmar Məmmədyarov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra deyib.
Onun sözlərinə görə, futbolumuz klub səviyyəsində tam şəkildə inkişaf edir:
“Millimiz dünya çempionatında mübarizəyə başlayır. Sentyabrın 4-də komandamızın San Marino ilə səfər matçından qələbə ilə qayıdacağına inanıram. Çox istəyirəm ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında böyük hörmətlə Azərbaycan yığmasının azarkeşi kimi iştirak edək. Buna imkan da, potensial da, motivasiya da var. Sadəcə, daha da çox işləmək lazımdır.
Azərbaycanda elə bir şəxs varmı ki, uşaqlıqdan futbol oynamasın? Adaptasiya lazım deyil. İlk gündən özünü azarkeş kimi hiss etmirsən, imkan olduqca meydana çıxırsan. Baxmayaraq ki, 56 yaşımdayam, bir az çətindir. Amma yenə də imkan olduqca uşaqlarla oynayıram”.
Mənbə:> Qafqazinfo.az