Qazaxıstanda Xəzərin ilk hərbi limanının inşaatı başa çatır
Qazaxıstanda Aktau beynəlxalq dəniz-ticarət limanı ərazisində ilk hərbi limanın inşaatı başa çatır, obyektin rəsmi təhvili bu ilin oktyabr ayında gözlənilir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyindən bildiriblər.
Nazirliyin bəyanatına görə, limanın inşaatı fevralda başlayıb. Qeyd edilir ki, bu, respublikanın hərbi-dəniz qüvvələrinin tarixində ilk hərbi təyinatlı liman olacaq.
“Qazaxıstan HDQ gəmilərinin Aktau şəhərinin limanında yerləşməsi Xəzər dənizinin Qazaxıstan sektoruna yaranacaq təhdidlər zamanında və səmərəli reaksiya verməyə, Xəzər dənizinin istənilən rayonuna gəmilərin operativ çıxışına imkan yaradacaq. Bununla yanaşı, maddi-texniki daşınma və təminatın vaxtında təşkil olunması, texniki və hərbi resursların qənaətinə, yanacaq-sürtkü materiallarına sərf edilən xərclərin azaldılmasına şərait yaradacaq”, - deyə Qazaxıstanın HDQ baş komandanı vitse-admiral Jandarbek Janzakov bildirib.
Mənbə:> Oxu.Az