Referendum bülletenlərinin çapına başlanılıb
Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bu gün Milli Məclisin mətbəəsində səsvermə bülletenlərinin çapına başlanıb.
Bu barədə məlumat Oxu.Az-a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən verilib.
Məlumatda bildirilir ki, tədbirdə Komissiyanın (MSK-nın) sədri Məzahir Pənahov və qurumun üzvləri iştirak edərək səsvermə bülletenlərinin çap olunması prosesi ilə yaxından tanış olublar.
M.Pənahov bildirib ki, referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, say və hazırlanma qaydalarına dair tələblər MSK tərəfindən müəyyənləşdirilib və 5 milyon 280 min 924 ədəd bülleten çap olunması qərara alınıb.
Səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına və oradan isə məntəqə seçki komissiyalarına veriləcək. Eyni sayda bildiriş də çap olunacaq.
M.Pənahov bildirib ki, ilkin olaraq bülletenlər ucqar dairələrə göndəriləcək.
Bülletenlərin çapı prosesinin mühafizəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
Mənbə:> Oxu.Az