MSK referendumla bağlı təşviqatın vaxtını açıqladı
Təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, sentyabrın 3-də başlayacaq.
Referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən referendum öncəsi təşviqat kampaniyasının aparılacağı tarix açıqlanıb.
Mərkəzi Seçki Komissiyasından Oxu.Az-a verilən məlumata görə, Komissiyanın qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendum) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında qeyd olunub ki, referendum qabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, 2016-cı il sentyabrın 3-də başlanır və səsvermənin başlanmasına 24 saat qalanadək, sentyabrın 25-i saat 8.00-da dayandırılır.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsinin Plenumu Referendum Aktına rəy verib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla referendum 2016-cı il sentyabrın 26-na təyin edilib.
Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin (referendumun) göstərilən tarixdə keçirilməsini təmin etmək tapşırılıb.
Mənbə:> Oxu.az