Fransanı ayağa qaldıran terrorçudan şok etiraf
Supermarketdə iyirmi nəfərədək insanı girov götürən fransalı terrorçu Amedi Kulibali ölümündən qabaq İŞİD-in üzvü olduğunu etiraf edib.
ANS PRESS-in məlumatına görə, terrorçu zərərsizləşdirilməmişdən əvvəl jurnalistlərə önəmli açıqlamalar verib. O, "Charlie Hebdo" redaksiyasına silahlı basqın edərək 12 nəfəri qətlə yetirən Kuaşi qardaşları ilə nəinki tanış olduğunu, hətta öz hərəkətlərini onlarla əlaqələndirdiyini bildirib.
BFM TV əməkdaşları xüsusi xidmət qrupunun əməliyyatına yarım saat qalmış cinayətkarla telefon əlaqəsi yaratmağa müvəffəq olublar. Kulibali reportyorlara açıqlamasında deyib ki, onun Fransadasakı fəaliyyətini amerikalı radikal imam Ənvər əl-Əvlaki maliyyələşdirib. Adıçəkilən imam son illərini Yəməndə yaşayıb. ABŞ 2010-cu ildə əl-Əvlakini bir nömrəli terrorçu elan etmişdi, bir ildən sonra isə Əl-Qaidə silahlılarının Yəmən hökuməti ilə qarşıdurmasında həlak olmuşdu.
Amedi Kulibaki Səid və Şərif Kuaşi qardaşları ilə əlaqələri barədə konkret bunları söyləyib: "Onlar "Charlie Hebdo"ya cavabdeh idilər, mən isə polislərə".
Jurnalistlər qeyd edirlər ki, iki dəqiqə davam edən dialoq müddətindən terrorçu çox sakit olub və bu danışığa əvvəlcədən hazırlaşmış kimi bütün suallara cavab verib.
Qaradərili fransız, 32 yaşlı Amedi Kulibaki dünən - 9 yanvarda Parisdə supermarketdə insanları girov götürərək Kuaşi qardaşlarının azadlığını tələb edib. Əməliyyat zamanı terrorçu öldürüldü. Lakin o, zərərsizləşdirilənə qədər 3 girovu öldürməyə fürsət tapmışdı.
Mənbə:> ANSPRESS