72 saatlıq terror təlaşı
Fransanın paytaxtı Parisdə polis sakinlərin 72 saatlıq təlaşına son qoydu.
ANS PRESS-in “Charlie Hebdo” jurnalına hücum edərək 12 nəfərin öldürülməsində şübhəli bilinən Şərif və Səid Kuaşi qardaşları, eyni zamanda, yəhudi mağazalarından birinə hücum edərək bir neçə nəfəri girov götürən şəxs zərərsizləşdirilib.
Sözügedən jurnal İŞİD lideri Əbubəkr əl-Bağdadinin karikaturasını yayımladığı üçün hücuma məruz qalmışdı. “Charlie Hebdo” jurnalı əvvəllər İslam peyğəmbəri Məhəmməd Səlavatullahın da karikaturasını yayımlamışdı.
Polis terrorçu qardaşları Dammartin-on-Qoel şəhərində nəşriyyat malları istehsal edən zavodun anbarında sıxışdırıb, şübhəlilər olduqları yerdən çıxan zaman polislə atışmada öldürülüblər.
Port-de-Vensen rayonunda isə, yəhudi mağazasında bir neçə nəfərin girov saxlayan, Kuaşi qardaşları ilə əməkdaşlıq etdiyini və İŞİD üzvü olduğunu bildirən Amedi Kulibali öldürülüb. Lakin əməliyyatlar nəticəsində 4 girov da ölüb, 15 girov isə, xəsarət almadan xilas olub.
Paris prokuroru Fransua Molen ölən girovların Kulibali tərəfindən qətlə yetirildiyini bildirib. Prokurorun sözlərinə görə, bir qədər əvvəl silahlılarla əlaqədar olduğu iddia edilən Hayat Bumediyenin isə azadlıqdadır.
Fransa prezidenti Fransua Oland çıxışı zamanı İslam dini ilə terrorizmin heç bir əlaqəsi olmadığını deyib.
“Polisin əməliyyatları zamanı göstərdiyi şücaətini, peşəkarlığını alqışlayıram. Onlarla fəxr edirik. Fransa belə bir hücum qarşısında polisinin gücünü gördü. Lakin Fransa bilir ki, ona qarşı təhlükə mənbələri tamamilə sovuşmayıb. Ona görə də, sizi ayıq-sayıq, həmrəy və səfərbər olmağa dəvət edirəm. Biz istənilən hücumlara qarşı müqavimət göstərməyə qadir olmalı, eyni zamanda, həmrəylik nümayiş etdirməliyik”, - deyə Fransua Olland bildirib.
Fransada son 3 gündə yaşanan terror təhlükələrinə qarşı sabah demokratiya və azadlıq naminə ölkə miqyasında yürüşlər gözlənilir. Böyük Britaniyanın baş naziri Deyvid Kemeron da yürüşdə iştirak edəcəyini açıqlayıb.
Mənbə:> ANSPRESS