Qənirə Paşayeva: Ürəyimiz hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanındadır – FOTO
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva 20 iyul Barış ve Özgürlük Hərəkatının 42-ci ildönümü ilə bağlı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Parlament sədrinin dəvəti ilə bu ölkədə səfərdə olub.
Oxu.Az-ın xəbərinə görə, səfər çərçivəsində millət vəkili Q.Paşayevanın ŞKTC-nin prezidenti Mustafa Akıncı ilə görüşü baş tutub.
Millət vəkili görüşdə dost, qardaş azərbaycanlıların ŞKTC-nin uğurlarına hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü, Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib.
Azərbaycanla ŞKTC arasında əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu söyləyən millət vəkili qeyd edib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il artması müsbət hadisədir.
Görüşdə Türk dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb.
ŞKTC-nin prezidenti Mustafa Akıncı Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da atması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran Mustafa Akıncı ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva Mustada Akıncıya Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materialları hədiyyə edib. Eyni zamanda tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan Milli Kişi Geyimini Mustafa Akıncıya hədiyyə edilib.
Millət vəkili Qənirə Paşayeva, həmçinin 20 iyul Barış ve Özgürlük bayramının 42-ci ildönümü ilə bağlı rəsmi tədbirlərdə də iştirak edib. Tədbirlərdə Türkiyədən yüksək səviyyəli dövlət nümayəndə heyəti ilə bərabər, bir sıra ölkələrdən nazirlər, millət vəkilləri, ictimai-siyasi xadimlər də iştirak ediblər.
Mənbə:> Oxu.Az