Çavuşoğlu ABŞ-a gedir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü ABŞ-a səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Star” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, XİN rəhbərinin danışıqlarının mövzularından biri ABŞ-da yaşayan müxalifətçi, islam təbliğatçısı Fətullah Gülənin Türkiyəyə mümkün ekstradisiyası olacaq.
Cümə günü axşam saatlarında Türkiyə rəhbərliyi ölkədə hərbi çevriliş cəhdinin olmasını elan edib. Hərbçilər öz növbəsində hakimiyyətin onların əlinə keçdiyini bildiriblər. Şənbə günü səhər qiyamçı hərbçilər təslim olmağa başladılar. Türkiyə hakimiyyəti qiyam cəhdinin boşa çıxdığını bildirdi.
Türk hüquq-mühafizəçiləri artıq 6 mindən çox şəxsi saxlayıblar, onların arasında yüksəkvəzifəli hərbçilər də var. Türkiyə XİN məlumatına görə, dövlət çevrilişinə cəhd zamanı 290 adam həlak olub. Ölkə hakimiyyəti qiyamın təşkilində ABŞ-da yaşayan müxalifətçi islam tərəfdarı Fətullah Güləni ittiham edib.
Mənbə:> Oxu.Az