İqor Popov Qarabağ münaqişəsinin dinc yolla həllinə inanır
Qarabağ nizamlanması üzrə çərçivə sazişinin əldə olunması perspektivləri mövcuddur. Sonradan bu saziş hüquqi öhdəlik daşıyan sənədə çevrilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a verdiyi müsahibəsində ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
Bakı və Yerevan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dialoqun prezidentlər səviyyəsindən mütəmadi ekspert səviyyəsinə keçirilməsi şansının nə dərəcədə olduğuna dair suala cavab verərkən İ.Popov bildirib:
“Ekspert səviyyəsinə çıxış tərəflərin nizamlamanın əsas məsələləri üzrə mövcud fikir ayrılıqlarını aradan qaldırmaq və çərçivə razılaşmalarının əldə olunmasına hazırlıq səviyyələrindən asılıdır”.
Bundan sonra ekspert qruplarının yaradılmasından danışmaq olar, o cümlədən də bu razılaşmanın hüquqi sənəd halına salınması üçün”, - yüksək vəzifəli diplomat deyib və “bunun üçün perspektivlərin olduğunu” vurğulayıb.
İ.Popov qeyd edib ki, mayda Vyanada keçirilən görüşdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan “prinsipial planda əhəmiyyətli proseslər üzrə danışıqlar prosesinin bərpa olunmasına dair razılığa gəliblər”.
“Konstruktiv yanaşmanın üstünlük təşkil edəcəyinə inanmaq istəyirəm”, - diplomat vurğulayıb.
Vyanada mayın 16-da ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin XİN rəhbərlərinin (Rusiya, Fransa, və ABŞ) iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutub.
Məlumata görə, bu görüşdə iki ölkə liderləri qısa zaman ərzində ATƏT-in münaqişə zonasında hadisələrin araşdırılması üzrə mexanizmin işlənməsinə dair razılıq əldə ediblər.
İ.Popov bildirib ki, “hazırda ATƏT mütəxəssisləri” bu mexanizm üzərində işin başa çatdırılması ilə məşğuldurlar.
“Ötən həftə Minsk qrupuna həmsədrlik üzrə həmkarlarımızla birlikdə ekspert işləmələrini Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə təqdim etdik. Tərəflərin rəyini gözləyirik”, - deyə, diplomat qeyd edib.
O, həmçinin xatırladıb ki, prezidentlər Vyana görüşü zamanı atəşin dayandırılması və münaqişənin dinc yolla həll edilməsinə sadiqliklərini təsdiqləyiblər.
“ATƏT müşahidəçilərindən alınan xəbərə görə, bu razılığa ümumilikdə riayət edilir, xüsusilə də bugünkü vəziyyəti aprelin əvvəlindəki vəziyyət ilə müqayisə etsək”, - rusiyalı həmsədr qeyd edib.
Mənbə:> Oxu.Az