Fransa tədbirin təhlükəsiz keçməsi üçün əlindən gələni edəcək
"Avro-2016"-nın açılışına 4 gündən də az vaxt qalmış Fransa prezidenti əks-səda doğuran açıqlama verib. Dövlət başçısı Futbol üzrə Avropa Çempionatına ciddi təhdidlərin olduğunu deyib.
ANS PRESS-in "Eurosport"a istinadən verdiyi məlumata görə, Fransa prezidenti Fransua Olland birmənalı qarşılanmayan sözlərlə çıxış edib. Bir neçə gündən sonra başlayacaq Avropa Futbol Çempionatına ev sahibliyi edəcək Fransada hazırlıq işləri yekunlaşıb. Fransua Olland çıxışında "Avro-2016"ya da toxunub: " Təhlükə həmişə var, lakin biz gərək özümüzü qorxutmayaq. Təəssüf ki, belə vəziyyət hələ uzun müddət davama edəcək. "Avro-2016"nın uğurla keçirilə bilməsi üçün əlimizdən gələni etməliyik".
Tədbirin təhlükəsizliyi üçün 90 mindən artıq işçi qüvvəsi ayrılıb.
"Avro-2016" 10 iyundan start götürəcək. Futbol yarışında 24 komanda kubok uğrunda top qovacaq. Çempionatın ilk oyununu təkcə Stad de Fransda deyil, eyni zamanda Mars meydanında da seyr etmək olacaq. Mars meydanında azarkeşlərin matçı izləməsi üçün geniş ölçülü monitor yerləşdirilib. Oyun zamanı Eyfel qülləsi ətrafına 90 minə yaxın azarkeşin toplaşacağı gözlənilir.
İlk matç ev sahibi Fransa ilə Rumıniya arasında olacaq. Didye Deşamın komandası yekdilliklə 1984-ci ildə əldə olunan nailiyyəti təkrarlamaq üçün meydana çıxacağını bildirib.
Həmin il Fransa öz evində Avropa çempionu titulunu qazanmışdı. Bundan başqa, Fransa 1998-ci ildə Dünya Çempionu adına layiq görülmüşdü. Çempionat iyul ayının 10-da başa çatacaq.
Mənbə:> ANS PRESS