Fransua Olland İlham Əliyevi təbrik etdi
Fransa prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
Oxu.Az-ın məlumatına görə, Ollandın məktubunda deyilir:
“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə sizə və xalqınıza böyük səmimiyyətlə sülh, əmin-amanlıq və tərəqqi arzularımı çatdırıram. Ötən illərdə olduğu kimi, bu il də Fransa ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafı bütün sahələrdə davam edib.
Tezliklə Bakıda açılacaq Fransız Azərbaycan Universiteti buna bariz nümunədir. Mən buna şadam və arzu edirəm ki, ölkələrimizi birləşdirən tərəfdaşlıq əlaqələri daha da dərinləşsin və müxtəlif sahələri əhatə etsin.
Bu xoş fürsətdən istifadə edərək sizi əmin edirəm ki, Minsk qrupunun həmsədri kimi Fransa rusiyalı və amerikalı tərəfdaşları ilə Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək. Cənab prezident, sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Mənbə:> Oxu.Az