The Washington Post: Qarabağda hər an müharibə başlaya bilər – FOTO
"Bu ilin aprel ayının əvvəllərində Dağlıq Qarabağdakı donmuş münaqişə qanlı qarşıdurmaya çevrildi. Azərbaycan və Ermənistanın silahlı qüvvələri arasındakı döyüşlər ən azı 200 nəfərin ölümünə səbəb oldu. Hər iki tərəf genişmiqyaslı müharibəyə yol verməsələr də, atəşkəs hələ də çox kövrəkdir və münaqişə bölgəsində müharibə hər an başlana bilər".
Britaniyadakı York Universitetinin politologiya professoru, "Tanınmayan dövlətlər" və "Sülh anlaşmaları" kitablarının müəllifi Nina Kaspersenin "The Washington Post"da dərc olunmuş "Will there be peace in Nagorno-Karabakh? Two things stand in the way" ("Dağlıq Qarabağda sülh olacaqmı? Yolda iki maneə var") başlıqlı məqaləsində belə deyilir.
AzNews.info məqaləni müəyyən ixtisarlarla təqdim edir:
"Dağlıq Qarabağ münaqişəsinin həll yollarını tapmaq üçün ABŞ, Rusiya və Fransanın nümayəndələri may ayında Vyanada Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdülər. İki ölkənin liderləri genişmiqyaslı nihamlanma ilə bağlı danışıqları bərpa etmək üçün iyun ayında görüşməyi planlaşdırırlar. Amma bu, asan məsələ deyil. Danışıqlar 20 ildir ki, davam edir, amma həll yolu hələ də tapılmayıb. "Dördgünlük müharibə" isə kompromis ümidlərini daha da azaldıb. Qarşıdurma hər iki tərəfin sərt mövqelərini daha da möhkəmləndirib. Hər iki tərəf hərbi qüvvədən istifadə etməyə hazır olduğunu deyir.
"Dördgünlük müharibə" Azərbaycanda Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin, reinteqrasiya proseslərinin qanuniliyinə və məqsədəuyğunluğuna əmin olanların mövqelərini gücləndirib. Ermənistanda isə Dağlıq Qarabağdan qoşunların çıxarılmasına qarşı çıxanlar, Dağlıq Qarabağın "müstəqil dövlət" kimi tanınmasını istəyənlər daha da aqressivləşiblər.
Ermənilər qorxurlar ki, Azərbaycan üstünlük əldə edəcək, ermənilərlə manipulyasiya edəcək. Ermənistan qarabağlı erməniləri "düşmən" saydığı Azərbaycanın "ümid"inə buraxmaq istəmir.
Apreldəki "dördgünlük müharibə"nin başlanmasının səbəbləri hələ də bəlli deyil. Bəlli olan budur ki, Ermənistan Azərbaycan ərazilərini işğal etdiyini danmır. Azərbaycan isə ərazilərinin 20 faizinin de-fakto itirilməsi, işğalı və münaqişədəki status-kvo ilə razı deyil. Bakı habelə, münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş prosesdə illərdən bəri heç bir nəticənin əldə olunmamasından narazıdır.
"Dördgünlük müharibə" cəbhə xəttini Azərbaycanın xeyrinə dəyişdi. Bunun çox böyük önəmi var - özü də ona görə yox ki, Azərbaycanın azad etdiyi ərazilər strateji əhəmiyyət daşıyır. Azərbaycan ermənilərin qüruruna zərbə endirdi və ermənilərə başa saldı ki, Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin mövqeləri Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı rejimin rəhbərlərinin düşündükləri, ictimaiyyəti inandırmağa çalışdıqları qədər təhlükəsiz deyil.
Hərbi əməliyyatlar Ermənistanın məğlubiyyəti ilə başa çatmaqla yanaşı, silahlı qarşıdurmanın perspektivsiz olduğunu göstərdi. "Dördgünlük müharibə" Ermənistan üçün riskli olsa da, baha başa gəlsə də, bu, münaqişənin danışıqlar yolu ilə həlli üçün yetərli deyil.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması yolunda iki maneə var.
1. Daxili ziddiyyətlər
Bü münaqişə ilə bağlı tədqiqatımız daxili məhdudiyyətlər problemi ilə bağlıdır. Azərbaycan və Ermənistan rəhbərliyi qarşılıqlı güzəştlərlə bağlı razılığa gəlsələr də, problemi qısa müddətdə həll etmək mümkün deyil. Xüsusilə də Ermənistanda vəziyyət daha mürəkkəbdir. Bu ölkədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərt ritorika səslənir, alternativ mövqelər və ya güzəştli variantlar qəbul olunmur. Münaqişədən təbliğat vasitəsi kimi istifadə olunur, qarşı tərəf düşmən kimi göstərilir ki, du da kompromis axtarışlarını çətinləşdirir.
Sülh danışıqlarında mülayim mövqe tutmaq istəyən erməni liderlər ölkədə tam əks reaksiya ilə qarşılaşacaqlar. Ən məşhur fakt Ermənistan prezidenti Levon Ter-Petrosyanın 1998-ci ildə istefa vermək məcburiyyətində qalması idi. Bu səbəbdən də Ermənistanın hakimiyyət dairələri və siyasətçiləri danışıqlarda "geri çəkiləcəkləri" təqdirdə onları nələrin gözlədiyini yaxşı bilirlər.
Xarici siyasət məsələləri üzrə ekspertlər Ermənistan prezidenti Serj Sarkisyanla müqayisədə Azərbaycan prezidenti İlham Əliyevi daha güclü lider sayırlar. 2003-cü ildən bəri İ.Əliyev mövqelərini daha da möhkəmləndirib.
"Dördgünlük müharibə"nin nəticələri isə Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyəti və əzmi daha da artırıb.
2. Münaqişə ərazisində birgə yaşayış problemi
Bu məsələ nizamlanma yolunda ikinci maneədir. 2005-ci ildən bəri danışıqların əsasını təşkil edən prinsiplər Dağlıq Qarabağın yekun statusu ilə bağlı həllin təxirə salınmasını nəzərdə tutur.
Həmin prinsiplərə görə, Ermənistanın hərbi birləşmələri hazırda işğalda saxladıqları əraziləri tərk etməli, azərbaycanlı məcburi köçkünlər evlərinə qayıtmalı, Dağlıq Qarabağ isə beynəlxalq birlik tərəfindən təmin olunmuş aralıq status almalıdır. Fəqət bu planın həyata keçirilməsi üçün zaman çərçivəsi yoxdur. Mütləq hüquqi qüvvəyə malik referendum sonradan Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirməlidir.
Ermənistan həmin situasiyanı münaqişə bölgəsində müstəqilliklə bağlı referendum kimi interpretasiya etsə də, Azərbaycan belə variantı istisna edir və deyir ki, Dağlıq Qarabağın müstəqilliyi problemin nizamlanmasının açarı ola bilməz.
Rusiyanın XİN başçısı Sergey Lavrov bu yaxınlarda "yekun anlaşmanın bütün komponentləri artıq mövcuddur" deyəndə məhz bunu nəzərdə tuturdu.
Di gəl, münaqişə tərəfləri komponentlərin nədən ibarət olması, xüsusilə də referendum və ardıcıllıqla bağlı razılığa gəlməyiblər.
Sudan, Papua-Yeni Qvineyada Buqenvil, Serbiya və Monteneqro kimi ölkələr belə yanaşmanı sınayaraq müəyyən uğurlara nail olublar. Amma bir əsas şərtlə: separatçı ərazilərin daxilindəki ziddiyyətlər müstəqilliklə bağlı referendumun sonucunu qeyri-müəyyən edir. Yəni bu o deməkdir ki, ərazi vahidliyi seçicilər üçün yetərincə cazibədar variant ola bilər.
Dağlıq Qarabağla bağlı məsələdə vəziyyət fərqlidir. Qarabağlı ermənilər müstəqillik istəyirlər və onların əksəriyyəti Azərbaycanla hər hansı formada assosiasiyanın əleyhinədir. Azərbaycan rəhbərliyi isə bütün variantları və ya şərtlərinə rəğmən, qarabağlı ermənilərdən dəstək, anlayış görmür.
Beləliklə, Dağlıq Qarabağdakı ermənilər arasında referendumun sonucları bəribaşdan məlum olduğundan aralıq mərhələ uzun sürməyəcək. Variantlardan biri referendumda ikiqat çoxluq tələbi ola bilər. Yəni qərarın lehinə 50 faizdən artıq səs verilməsinin vacibliyi ilə yanaşı, qarabağlı azərbaycanlılar da mütləq referendumda iştirak etməlidirlər.
Ermənistan tərəfi isə ermənilərlə azərbaycanlıların Dağlıq Qarabağda birgə yaşayışları ilə bağlı məntiqli variant təklif etmədiyindən bütün bunlar məlum, özü də çox təhlükəli nəticə verə bilər.
Dalandan mümkün çıxış Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinin referendum olmadan təxirə salınması ola bilərdi.
Çeçenistan və İsrail-Fələstin münaqişələri zamanı belə qərarlar qəbul olunsa da, onlar dayanıqlı alınmadı. Deməli, həmin misallar yararlı deyil. Amma həmin qərarlar qüvvələr balansının əsasında, özü də mərkəzi hakimiyyətin xeyrinə olmalıdır.
Dağlıq Qarabağ münaqişəsində belə qüvvələr balansı tapılmadığından ermənilər sözügedən qərarlarla razılaşmayacaqlar.
Qarabağlı ermənilər mövqelərini dəyişmək niyyətində deyillər, çünki indiki situasiya onları təmin edir".
Mənbə:> Milli.az