Qarabağın qaytarılması planı – AÇIQLAMA
“Cənubi Qafqazda sülhə nail olmaq istəyiriksə, Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır”. Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidenti yanında insan haqları üzrə şuranın üzvü, politoloq Maksim Şevçenko deyib.
M. Şevçenko münaqişənin həlli üçün variantları da təqdim edib: “Ermənistan Qarabağ ətrafı rayonlardan qoşunlarını çıxartmalıdır və Qarabağ zonası Azərbaycanın nəzarəti altında silahsızlaşdırılmalıdır. Bu silahsızlaşdırmanı beynəlxalq sülhməramlılar həyata keçirə bilər. Daha sonra qaçqınların doğma evlərinə qayıdışı təmin olunmalıdır”.
Ekspert qeyd edib ki, həm azərbaycanlı qaçqınlar evlərinə qayıtmalı, həm də münaqişə yarananda Azərbaycanın müxtəlif yerlərində yaşayan ermənilər geri gəlməlidirlər: “Təbii ki, bu onların öz istəklərinə bağlıdır. Bilirəm ki, bu proses çətindir, amma humanitar təşkilatlar bu istiqamətdə işləyə bilərlər”.
Onun sözlərinə görə, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi sonuncu mərhələdir: “Anlayıram ki, bu mərhələ işin ən çətin qismidir. Burada üç variant var.
Birincisi, Azərbaycanın tərkibində muxtariyyət.
İkincisi, Azərbaycandan kənar müstəqil dövlət.
Üçüncü variant, Qarabağın Ermənistana birləşdirilməsi.
Lakin fikrimcə, ikinci və üçüncü variantlar erməni radikallarından başqa heç kimə lazım deyil və heç kəs bunu istəmir. Hətta sadə ermənilərə belə bu lazım deyil. Bəzən Qarabağla bağlı Krım variantını irəli sürürlər. Amma bunlar tamam fərqlidir. Çünki Qarabağda etnik təmizləmə olub. Yəni belə bir vəziyyətdə Qarabağın başqa dövlətə qoşulmaq mümkünsüzdür və cəfəngiyatdır”.
M. Şevçenko hesab edir ki, ermənilər qəbul etmək istəməsələr də, Qarabağın Azərbaycanın tərkibində muxtariyyət alması daha münasib və rahat yoldur: “Doğrudur, buna ABŞ-dakı erməni elitası razı deyil. Əbəs yerə deyil ki, indi Dağlıq Qarabağda tez-tez “bu yolu Amerika ermənilərinin pulu ilə qurulub” yazılan lövhələrə rast gəlinir. Amma hər şeyə rəğmən məsələni həll etmək lazımdır. İndiyə qədər Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal olunub. Bu ərazilərdə infrastruktur dağıdılıb, yerində xarabalıqlar yaranıb. Bu məsələdən tək çıxış yolu münaqişəni həll etməkdir”.
Ekspert onu da qeyd edib ki, Dağlıq Qarabağın statusu yalnız evlərindən qovulan bütün azərbaycanlıların qayıtmasından sonra həll edilməlidir.
Mənbə:> Publika.az