İranda ana dili inqilabı: nə dəyişəcək?
Azərbaycan dövləti tərəfindən bu sahədə qanunvericilik çərçivəsində müəyyən addımların atılması çox yaxşı olardı.
Bu sözləri Axar.az-a güneyli şair Sayman Aruz İranda Azərbaycan (türk) dilində tədrisə icazə verilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu sahədə İrana yardım edə bilər:
“İranda Azərbaycan dilinin tədrisi ilə bağlı ciddi addım görmürəm. Bu söhbətlər demək olar ki, hər il olur. Ancaq ana dilinin rəsmi şəkildə tədrisi ilə bağlı səmimi addım atılmayıb. Bir dəfə dedilər ki, universitetlərdə həftədə iki dəfə tələbələrin istəyi ilə Azərbaycan dili tədrisi olacaq. Nəticə olmadı.
Beynəlxalq qanunlar icazə verir ki, bu tədrisin həyata keçirilməsinə Azərbaycan dövləti də dəstək olsun. Bu, İranın daxili işlərinə qarışmaq sayılmır. Məsələn, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın ana dili tədrisinə necə dəstək verirsə, o cür də İranda yaşayan soydaşlarımıza dəstək verə bilər”.
Sayman Aruzun sözlərinə görə, son zamanlarda “fars-azərbaycanca” adlı “yeni dil” yaratmışdılar: “Cümlələrin yalnız feil hissəsi azərbaycanca idi. Cümlənin quruluşu, sözlər tamamilə fars dilindəydi. İranda heç zaman türkcə təhsil olmadığından, tədris vasitələri, dil araşdırması da yoxdur. Ona görə də hesab edirəm ki, əgər İran səmimi olaraq Azərbaycan dilinin tədrisini istəyirsə, Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıq etməli, Təhsil Nazirliyi də dərs vəsaitlərinin hazırlanmasına öz töhfəsini verməlidir.
Təkcə metodik dərs vəsaitləri ilə problem həll olunmur. İranda 52,7 milyon türk yaşayır. Bunlardan 7,7 milyonu etnik türk, 45 milyonu isə Azərbaycan türküdür. İran əhalisinin 50 faizindən artığını azərbaycanlılar təşkil edir. Onlara Azərbaycan dilini hansı müəllimlər tədris edəcək?
Cənub qonşumuzda Azərbaycan dilini bilən neçə müəllim var? Yalnız barmaq sayı qədər tələbə Bakıya gələrək burada təhsil alır və vətəninə dönür. İran müəllimləri də Azərbaycan Respublikasından dəvət etməlidir. Bunun üçün iki ölkə arasında müqavilə imzalanmalıdır”.
Xatırladaq ki, İran hökuməti xalqın əksəriyyətinin türk və kürd olduğu bölgələrdəki məktəblərdə dərslərin türk və kürd dilində keçirilməsi haqqında əmr verib.
Bu barədə məlumat verən İran prezidentinin dini və etnik azlıqlar üzrə xüsusi nümayəndəsi Əli Yunusi layihənin Kürdüstan bölgəsində artıq tətbiq edildiyini deyib.
Mənbə:> Axar.az