İranda Qaşqay türkləri də fars irqçiliyinə qarşı etiraza qalxdılar
İran Dövlət Televiziyasında Azərbaycan türklərinin iyrənc şəkildə təhqir edilməsinə qarşı etirazlara İranın Şiraz şəhərində yaşayan Qaşqay türkləri də qatılıb.
Noyabrın 13-də onlarla Qaşqaylı dinc fəal İranın Şirazdakı dövlət radio-televiziyasının binası qarşısında toplaşaraq hakim fars irqçiliyinə etiraz bildiriblər. Aksiyaçılar əllərində yazılı vərəqələr qaldıraraq türklərin dövlət televiziyasında təhqir olunmasına son qoyulmasını, ölkədə türkdilli məktəblərin açılmasını və etniklərin ana dilinin məktəblərdə tədris olunmasını tanıyan ölkə konstitusiyasının 15-ci bəndinin icra olunmasını tələb ediblər.
Xatırladaq ki, noyabrın 6-da , İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçiliyinə qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları hələ də davam edir.
Son 5 gündə isə fars rassizminə qarşı keçirilən etirazlara görə Güney Azərbaycan şəhərlərində tutulanlardan 129 nəfərin kimliyi artıq bəlli edilib.
Mənbə:> GunAz.tv