Bakıdan cənublu soydaşlarımıza dəstək – FOTO
Bakıda İran səfirliyinin qarşısında bir qrup şəxs aksiya edib. İranın dövlət telekanalında yayımlanan verilişdə azərbaycanlıların təhqir edilməsinə etiraz davam edir.
AzNews.info-nun ANS PRESS-ə istinadla verdiyi məlumata görə, bu gün bununla bağlı İranın Azərbaycandakı səfirliyinin önündə keçirilən aksiyada 40-a yaxın insan iştirak edib. 15 dəqiqə davam edən aksiya daha sonra dinc şəkildə dağılıb. Hadisə yerinə polis əməkdaşları gəlsələr də, heç bir qarşıdurma baş verməyib.
Mitinq iştirakçılarında yalnız 3 nəfər səfirliyə girərək, hazırladıqları bəyanatı oraya təqdim ediblər. Bəyanatda deyilir ki, İran İslam Respublikası, din qardaşlarına qarşı soyqırım törətmiş Ermənistan Respublikası ilə geniş dostluq və qardaşlıq əlaqələri quraraq dəfələrlə milli qururumuza toxunub.
"2015-ci il noyabrın 6-sı, İranın dövlət kanalı olan "Kanal-2"-nin, "2 Fitilə" adlı televiziya proqramında xalqımızın milli kimliyini təhqir edib, aşağılanmasına, bu təhqir siyasətinə etiraz olaraq soydaşlarımızın tam hüquqlu vətəndaş kimi haqlı etiraz yürüşlərinin qana boyanmasına, təqib və təziqləri Milliyətçi Gənclər Təşkilatı olaraq, şiddətlə qınayır və kəskin etirazımızı bildiririk!".
Səfirliyin qarşısındakı etiraz aksiyasından fotolar:
Ötən gün İranda da azərbaycanlılar kütləvi şəkildə etiraz aksiyası keçiriblər. Etirazlara səbəb İranın "Kanal 2” (İRİB) telekanalında yayımlanan verilişdə azərbaycanlıların təhqir edilməsidir.
Belə ki, sözügedən verilişdə bildirilmişdi ki,azərbaycanlı uşağın ağzından pis iy gəlir, onsuzda onlar diş fırçası ilə tualet fırçasını bir-birindən ayıra bilmirlər.
Verilişdə səsləndirilən bu fikirlər İranda yaşayan azərbaycanlıların etirazına səbəb olub və küçələrə axışıblar. Etiraz aksiyaları Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda "Azərbaycan var olsun, istəməyən kor olsun”, "Haray, haray, mən Türkəm”,”Ölüm olsun rasizmə”, kimi şüarlar altında keçirilib.
Mənbə:> ANSPRESS