Azərbaycan XİN Ermənistanı yox, haqqin.az və virtualaz.org-u ittiham edir
Bu gün erməni KİV-ləri Martuni-Vardenis-Sotk dövlətlərarası magistral yolunun yenidən qurulması haqda xəbər yayıblar.
Haqqin.az və virtualaz.org saytlarının xəbər xidmətləri bununla bağlı həmin yolun işğal altında olan Kəlbəcərdən keçə biləcəyindən narahatlığını ifadə etdilər. Bu narahatlıq tam təbii idi. Çünki erməni KİV-lərinin xəbərlərində məhz dövlətlərarası magistralın tikintisindən bəhs olunurdu.
Biz Azərbaycan Xarici İşlər Nazirliyindən bu informasiyaya şərh verməsini xahiş etdik. Ən azı ona görə ki, haqqında söhbət gedən layihə Dünya Bankının dəstəyi ilə reallaşdırılır.
Amma gözlədiyimizin əksinə olaraq, XİN saytlarımızın əleyhinə qəzəbli bəyanatla çıxış etdi. Azərbaycan XİN-in məntiqindən belə çıxır ki, biz yenidən Ermənistanla dostluq edirik. Bilmirdik! Sağ olsunlar ki, xəbər verdilər. Gələcək fəaliyyətimizdə bunu mütləq nəzərə alacağıq.
İndi isə XİN-in həmin bəyanatının tam mətnini diqqətinizə çatdırırıq: “Haqqın.az və virtualaz.org saytlarının 29 may 2016-cı il tarixli “Dünya Bankı Kəlbəcərdə yol tikintisinə tranş ayırdı” adlı yazısı Ermənistan mətbuatından götürülmüş xəbəri təhrif edilmiş formada təqdim edir. Bu kimi səthi “təhlillər” və Ermənistan KİV-nə xas təbliğat ilə yerli auditoriya çaşdırılır. Martuni-Vardenis-Sotk yol xətti Ermənistan ərazisində yerləşir və Dünya Bankının təxsis etdiyi tranş bu yolun 6.5-11.1 km-nin bərpasına ayrılmışdır.
“İndilərdə Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatını təqdim edəcəyik” deyərək XİN adından danışmağa iddia etmək səlahiyyəti haqqın.az və virtualaz.org portallarına verilməmişdir. Hər hansı rəsmi qurumun mövqeyini öyrənmədən onun adından danışmaq peşəkar jurnalistikadan kənardır və “KİV haqqında” qanunun ciddi pozuntusudur.
Fürsətdən istifadə edərək xüsusilə indiki həssas dövrdə bəzi mətbuat orqanlarını Ermənistan təbliğatının əlində alət olmaqdan ehtiyatlı olmağa çağırırıq”.
Bizcə, əlavə şərhə ehtiyac yoxdur...
Mənbə:> Virtualaz.org