Dünya Bankı Kəlbəcərə yol çəkilişi üçün Ermənistana tranş ayırdı
Ermənistanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb ki, 25 gündən sonra dövlətlərarası Martuni-Vardenis-Sotk magistralının (M-11) 6,5-11,1-ci kilometrində əsaslı təmir işlərinə başlanılacaq, Oxu.Az News.Am-a istinadən xəbər verir.
Nazirlikdən agentliyə bildiriblər ki, haqqında söhbət gedən yolun əsaslı təmiri 2016-cı ildə Dünya Bankının vəsaiti hesabına tikiləcək və əsaslı təmir olunacaq “həyati əhəmiyyətli yollar” siyahısına salınıb.
“Yolun əsaslı təmiri üçün müsabiqə açıq elan edilib, təfərrüatları Nəqliyyat və Rabitə Nazirliyinin rəsmi saytından öyrənmək olar. Qaydalara əsasən, 25 gündən sonra yolun əsaslı təmirinə başlanacaq”, - nazirliyin məlumatında bildirilir.
Qeyd edək ki, həmin sahə strateji əhəmiyyət daşıyır və Ermənistanı işğal olunmuş Qarabağla birləşdirir.
Mənbə:> Oxu.Az