3 günlük matəm elan olundu
Pakistanda ötən gün 141 nəfərin ölümü ilə nəticələnən terror hücumu ilə əlaqədar ölkədə 3 günlük matəm elan olunub. Ölkənin hərbi nazirliyi öldürülənlər arasında 132 nəfərin tələbə olduğunu təsdiqləyib. Məlumata görə, silahlılar 121 nəfəri yaralayıblar. Anti-terror əməliyyatları zamanı 9 hərbçi öldürülüb. Sonda isə, terrorçuları zərərsizləşdirmək mümkün olub. Əməliyyatları zamanı 7 silahlı zərərsizləşdirilib. Onların özlərini partlatdığı ehtimal edilir.
Məlumata görə, Taliban silahlıları məktəbə arxa qapıdan giriblər. Daha sonra auditoriyaya daxil olaraq imtahan verən tələbələrə atəş açıblar. Xüsusi təyinatlı qrup itkini minimum həddə endirmək üçün ehtiyatlı hərəkət etməyə çalışıb. Əməliyyatlar gün batanda sona çatdı.
Öldürülən tələbələr dünən dəfn edilib. Dəfn mərasiminə minlərlə insan qatılıb. Paytaxt İslamabadla yanaşı ölkənin əksər şəhərlərində ölənlərin xatirəsi yad edilib.
Mənbə:> ANSPRESS