Ərdoğan: Bizə daha çox Azərbaycan qazı lazımdır
Türkiyə Azərbaycanla energetika sahəsində həyata keçirdiyi layihələri davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ATV (Türkiyə) telekanalının efirində bildirib.
Ərdoğanın sözlərinə hörə, hazırda ölkəsi 6-7 mlrd. kubmetr qaz alır.
“Təbii ki, bu bizim tələbatımızı ödəmir, bizə hazırda daha çox təbii qaz lazımdır. Qoy bu (idxal olunan qaz həcmi) 20, 25, 30-a çatsın (mlrd. kubmetrə - red.). Digər tərəfdən isə Avropanın da tələbləri var.
Yəqin bu mövzunu bilirsiniz. Avropa İttifaqı mövzuda məsələ qaldırsa da, lakin lazımi addımlar atmadı (böyük ehtimalla Türkiyə prezidenti Avropa İttifaqı tərəfindən irəli sürülən və sonradan həyata keçirilməsi istiqamətində ciddi tədbirlər görülməyən “Nabukko” qaz kəməri layihəsini nəzərdə tutur – red.).
TANAP bu baxımdan çox sürətlə həyata keçirilməyə başladı. Biz də TANAP-a şərik olduq. Beləcə hazırda bu işi birgə aparırıq. İnşaat işləri çox sürətlə davam edir. İnşallah TANAP-ın başa çatması ilə Türkiyə təbii qaza olan ehtiyacını bu kəmər vasitəsilə ödəyəcək.
Azərbaycanın Aliağada şirkəti var (Ərdoğan səhmlərinin 61,32%-i SOCAR-a məxsus olan Petkim Petrokimya Holding A.S. nəzərdə tutur – red.). O şirkətlər TANAP vasitəsilə tələbatını ödəyəcək və bundan başqa, Avropaya da təbii qaz ixrac edə biləcək”, - deyə, Ərdoğan bildirib.
Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdiyi Bakı-Tbilisi-Qars layihəsindən danışan Ərdoğan ilin sonunda dəmir yolu xəttinin açılışının keçiriləcəyini bildirib.
“Bu açılış (dəmir yolu xəttinin işə düşməsi – red.) bizim əlaqələrimizi daha da sürətləndirəcək. Bununla da biz məlum İpək yolu xəttini həyata keçirmiş olacağıq”, - deyə, Türkiyə prezidenti vurğulayıb.
Mənbə:> Oxu.Az