Avropanın qazı Anadoludan keçəcək
Azərbaycan Şahdənizin çox yaxınlığındakı Abşeron yatağından hasil olunan qazı da TANAP-a vermək istəyir. Əlavə qaz da Türkiyə üzərindən Avropaya nəql ediləcək. Türkiyənin alması planlaşdırılan 6 milyard kubmetrlik təbii qaz miqdarının artıb-artmadığı isə dəqiq deyil.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyənin baş nazirinin rəsmilərinin verdiyi məlumata görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü zamanı onlar ortaq enerji və nəqliyyat sahələrinin sürətlənməsinin vacibliyini müzakirə ediblər:
“Rusiya ilə yaşanan gərginliyin mümkün qaz fasiləsinə səbəb olmaması üçün Türkiyə alternativ mənbələrdən istifadə etməyə çalışır. Azərbaycan Abşeron yatağından hasil ediləcək əlavə qazı da TANAP kəmərinə verəcək. Azərbaycandakı əlavə qaz həcmləri Türkiyə üzərindən Avropaya nəql ediləcək.
Türkiyənin ən böyük qaz tədarükçüsü Rusiya ilə gərginləşən münasibətlərin qış yaxınlaşan bir vaxtı, qaz təminatından problemə səbəb olmaması üçün Prezident Rəcəb Tayyib Ərdoğan Qətərə getmişdi. Davudoğlu isə Azərbaycan səfərində qazın alış miqdarını artırmaq üçün təşəbbüs göstərəcəyini açıqlamışdı”, - deyə mənbə deyib.
“TANAP layihəsinin həyata keçməsi ilə yanaşı, Türkiyənin enerji sahəsindəki mövqeyi də möhkəmlənəcək. Azərbaycan qazı Avropaya Türkiyə üzərindən açılarkən, sözügedən qaz, Türkiyə sərhədindən TAP layihəsi ilə Avropa ölkələrinə aparılacaq”, - deyə Türkiyə KİV-i yazıb.
Qeyd edək ki, Davudoğlu görüş ərəfəsində verdiyi bəyanatda Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin nəzərdə tutulduğu 2018-ci ildən əvvəl başa çatdırılması üçün razılığa gəldiklərini və bunun üçün gecə-gündüz çalışacaqlarını demişdi.
Mənbə:> Oxu.Az