Lujkov Rusiya iqtisadiyyatındakı vəziyyəti kritik adlandırıb
Rusiya iqtisadiyyatının real sektorunda kritik vəziyyət yaranıb və ölkənin indiki hökuməti, çətin ki, yaranan çətinliklərin öhdəsindən gələ bilər.
Oxu.Az xəbər verir ki bu barədə Moskvanın sabiq meri Yuri Lujkov İnterfaksa verdiyi müsahibədə bildirib.
“Kabinet real iqtisadiyyat və elm ilə məşğul olmur. Elmin, xüsusilə də tətbiqi elmin inkişafına marağın olmaması isə, ölkəni yeni texnika, elektronika nümunələrinin, yeni növ məmulatların yaradılması perspektivindən məhrum edir”, - deyə Y.Lujkov bildirib.
Sabiq merin sözlərinə görə, hakimiyyət, istənilən iqtisadiyyatda əsas dövlət fəaliyyətinin real sektorun olduğunu qeyd edən Karl Marksın əsərlərinə yenidən baxmalıdır.
“Bizdə isə hər şey qarmaqarışıqdır: işin mahiyyətinə görə, ölkə pul oyunu ilə məşğuldur, özünü dünya neft qiymətləri ilə bağlayıb, inidi də həmin qiymətlərdən tamamən asılıdır.
Real iqtisadiyyat bu şərtlərdə, xüsusilə də belə sərt kredit rejimində mövcud ola bilməz”, - sabiq şəhər meri qeyd edib.
Lujkov ehtimal edir ki, Rusiyanın bank kreditinin faizini ödəmək qabiliyyətinə malik gəlir səviyyəsini təmin edə biləcək sahəsi, demək olar ki yoxdur.
“Bu, kritik vəziyyətdir, Nazirlər Kabineti isə deyəsən, iqtisadiyyatda yaranan çətinliklərin öhdəsindən gəlmək iqtidarında deyil”, - o əlavə edib.
Sabiq mer, həmçinin Rusiyanın iqtisadiyyat və sosial sahədə “əl ilə idarə” sisteminə doğru hərəkət etdiyinə dair narahatçılığını da bildirib. Onun sözlərinə görə, “birbaşa xətt” zamanı ölkə başçısı Vladimir Putinə verilən çoxsaylı suallar buna işarədir.
“Sualların çoxsaylı olması ölkənin uğursuzluğu barədə siqnal ola bilər. Daha yüksək səviyyəli problemlər barədə. Ola bilər ki, bu, ölkənin birinci simaya istiqamət götürərək “əl ilə idarə” rejiminə doğru irəliləməsi deməkdir”.
Mənbə:> Oxu.Az