İlham Əliyev: Aprel döyüşləri bir daha ordumuzun gücünü göstərdi
Bu gün Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.
AzNews.info-nun AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Faşizm üzərində Qələbə günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev ölkəmizin Qələbənin əldə olunmasında həm ön, həm də arxa cəbhədə böyük rol oynadığını bildirib. Müharibə veteranlarına bir daha öz hörmətini ifadə edən prezident İlham Əliyev builki Qələbə gününün xüsusi ruh yüksəkliyi ilə qeyd olunduğunu vurğulayıb. Ötən ayın əvvəlində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini və bu əməliyyat nəticəsində bəzi ərazilərin işğaldan azad edildiyini xatırladan dövlət başçısı bu qələbə münasibətilə təbriklərini çatdırdı və dedi ki, aprel döyüşləri bir daha ordumuzun gücünü, xalqımızın həmrəyliyini nümayiş etdirib.
Azərbaycanın öz tarixi keçmişinə böyük hörmətlə yanaşdığını bildirən dövlətimizin başçısı müstəqilliyimizin ilk illərində 9 May - Qələbə Gününün qeyd olunmadığını təəssüflə bildirdi və yalnız Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra bu bayramın xalqa qaytarıldığını vurğulayıb. Sabah Ulu Öndərin anadan olmasının 93-cü ildönümünün qeyd ediləcəyini deyən prezident İlham Əliyev Heydər Əliyevin Azərbaycan naminə gördüyü işlərdən danışıb, Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində inkişaf etdiyini xatırladıb.
Dövlət başçısı Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə hər zaman milli dəyərlərin, milli mədəniyyətin təbliğ olunduğunu və diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən danışan prezident İlham Əliyev bu münaqişənin süni şəkildə ortaya atılmış bir təxribat olduğunu və bu gün də Azərbaycanın bu təxribatın acı nəticələrini yaşadığını söyləyib. Vurğulayıb ki, Heydər Əliyev müsğəqilliyin ilk illərində hakimiyyətdə olsaydı, Dağlıq Qarabağ münaqişəsi baş verməzdi. Dövlət başçısı 1990-cı illərin əvvəlində Azərbaycanda hökm sürən siyasi və iqtisadi böhrandan danışıb, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın dinamik inkişafa qədəm qoyduğunu, Azərbaycançılıq məfkurəsinin formalaşdığını, çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişaf prosesinin başlandığını qeyd edib. Bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir.
“Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir”, - deyən prezident İlham Əliyev siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının, onun qayğılarının dayandığını bildirdi. Qeyd etdi ki, dünyadakı iqtisadi böhrana baxmayaraq, Azərbaycan bütün məsələlərin öhdəsindən uğurla gəlir.
Çünki iqtisadiyyatın şaxələndirilməsi sahəsində siyasət davam edir, “Əsrin müqaviləsi” çərçivəsində aparılan işlər iqtisadi gücümüzü artırır. Neft-qaz sahəsində reallaşdırılan irimiqyaslı layihələri xatırladan dövlətimizin başçısı hazırda bu istiqamətdə əlavə tədbirlərin görüldüyünü qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan və fəaliyyətinə böyük rəğbətlə yanaşılan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin təşkilatçısıdır. Bu isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir. Çünki ölkəmizə gələn qonaqlar bu həqiqətləri öz gözləri ilə görürlər.
Gələcək inkişafla bağlı dəqiq proqramların mövcud olduğunu deyən prezident İlham Əliyev indi əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu söylədi və bildirib ki, bu istiqamətdə biz öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk. Ermənistan ilə Azərbaycan arasında fərqin göz qabağında olduğunu bildirən dövlətimizin başçısı aprel döyüşlərinin Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.
Dövlətimizin başçısı çıxışını “Bu yol Heydər Əliyev yoludur. Biz bu yolla gedirik, gedəcəyik və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik” fikri ilə yekunlaşdırıb.
Mənbə:> AzərTAc