İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Azərbaycan prezidenti İlham Əliyev bu gün Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.
Oxu.Az xəbər verir ki, Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin çox yaxşı təşkil olunduğunu deyən dövlət başçısı son dövrlər idmançılarımızın müxtəlif yarışlarda qazandığı böyük uğurların önəmini qeyd edib.
Cüdo üzrə milli komandamızın bu yaxınlarda keçirilən Avropa çempionatında yüksək nəticələr əldə etdiyini xatırladan prezident İlham Əliyev bu idman növünün Azərbaycanda populyarlığının getdikcə artdığını vruğulayıb, ölkəmizin gələcəkdə beynəlxalq yarışlarda daha fəal və dinamik iştirak edəcəyinə ümidvar olduğunu deyib.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. Azərbaycanda cüdonun inkişafını daim dəstəklədiyini qeyd edən Beynəlxalq Cüdo Federasiyasının prezidenti ölkəmizin cüdo üzrə yığmasının yeni strategiya ilə yarışlarda daha yüksək fəallıqla iştirak edəcəyinə ümidvar olduğunu deyib. Marius Vizer 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdo idmanı ilə bağlı aparılan hazırlıq işlərindən danışıb.
Beynəlxalq Cüdo Federasiyası ilə fəal tərəfdaşlıq əlaqələrinin davam etdirilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı İlham Əliyev Marius Vizerin Federasiyasının prezidenti kimi ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirib, bu istiqamətdə səylərinə görə ona minnətdarlığını bildirib.
Azərbaycanda idmana göstərilən qayğıdan danışan prezident İlham Əliyev ölkədə cüdonun zəngin ənənələrə malik olduğunu vurğulayıb, bu idman növünün inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd edib. Dövlət başçısı idmançılarımızın dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında uğurla iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.
Mənbə:> Oxu.Az