İlham Əliyev: Azərbaycan nəyə qadir olduğunu dünyaya göstərdi
Bakıda Birinci Avropa Oyunları keçirildi. Bu, unudulmaz günlər idi. Azərbaycan nəyə qadir olduğunu dünyaya göstərdi.
AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan cəmi 24 il müstəqillik dövründə böyük zirvələrə çata bildiyini göstərib:
“İdmançılarımızın uğurlu çıxışları bizi xüsusilə sevindirir. 50 olimpiya komandası arasında Azərbaycan idmançıları ikinci yerə layiq görülüblər. Birinci Avropa Oyunlarında idmançılarımız 56 medal qazanıblar, bunlardan 21-i qızıldır. Bu, Azərbaycan idmanının böyük zəfəri idi”.
Prezident İlham Əliyev bildirib ki, gələn il Bakı nüfuzlu “Formula-1” və şahmat üzrə dünya çempionatına ev sahibliyi edəcək:
“2017-ci ildə İslam Həmrəylik Oyunları da ölkəmizdə keçiriləcək. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir və bu, qazanılan medalların sayına da təsir edir. İdmançılarla görüşlərim artıq ənənəyə çevrilib. İdmanda uğurlarımız ildən-ilə artır, idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr qazanır”.
Dövlət başçısı bildirib ki, 2015-ci ildə Azərbaycan atletləri beynəlxalq yarışlarda 823 medal qazanıblar, bunun 321-i qızıldır:
“Bu da onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, gənclərimiz dünya və Avropa çempionatlarında yüksək nəticələr göstərirlər. Ölkədə həyata keçirilən düşünülmüş idman siyasəti gələcəkdə də yüksək pillələri fəth etməyə imkan yaradır”.
Prezident İlham Əliyev bildirib ki, idmançılara dövlət tərəfindən yüksək səviyyədə qayğı göstərilir:
“İdmançıların sosial problemlərinin həlli istiqamətində hər il tədbirlər görülür. Bu proses bundan sonra da davam etdiriləcək. Artıq Azərbaycan dünyada idman dövləti kimi tanınır. Bu fakt beynəlxalq idman qurumların rəhbərləri tərəfindən də təsdiqlənir.
Ölkədə yeni idman bazaları yaradılır, təlim-məşq prosesi və federasiyaların işi yaxşı təşkil olunur. Hazırda Azərbaycanda 41 olimpiya-idman kompleksi var, 10 olimpiya-idman kompleksinin tikintisi davam etdirilir. Paytaxtımızda da güclü idman infrastrukturu yaradılır”.
Mənbə:> APA