"Qarabağ" ilin klubu seçildi
Bu gün Bakıda 2014-cü ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib.
ANS PRESS-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Azərbaycanı beynəlxalq idman yarışlarında layiqincə təmsil edən idmançılarımız və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Dövlət himinin səslənməsi ilə başlayan tədbirin əvvəlində 2014-cü ilin idman yekunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov əvvəlcə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü olduğunu xatırladaraq ölkə başçısını bütün Azərbaycan idmançıları adından təbrik edib və xoş arzularını bildirib.
Azərbaycan idmançılarının 2014-cü ildə qazandığı uğurlardan danışan A.Rəhimov bildirib ki, bu il ərzində idmançılarımız 805 medal qazanıblar: "Deyə bilərik ki, hər gün Azərbaycanın bayrağı hansısa ölkədə yüksəklərə qalxır. Qazanılan medallardan 275-i qızıl medal olub və bu da o deməkdir ki, bu il 275 dəfə dünyanın müxtəlif ölkələrində Azərbaycanın Dövlət himni səslənib və bayrağı yüksəyə qalxıb".
İdmançıların maddi-texniki bazasının daha da gücləndiyini deyən nazir qeyd edib ki, getdikcə idmançılarımızın da sayı çoxalır: "Bu, gələcək nəslin sağlamlığıdır. Biz bu işləri davam etdirəcəyik və idmanımızı daha yüksək səviyyəyə qaldıracağıq".
İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini xatırladan A.Rəhimov bildirib ki, bu tədbir Azərbaycana böyük uğurlar gətirəcək, Bakının simasını dəyişəcək: "Bakıda çoxlu quruculuq işləri görülür. Yarışların başlamasına qədər bütün idman strukturları hazır olacaq və yüksək standartlara cavab verəcək. İnanıram ki, bu yarışmanı yüksək səviyyədə keçirəcəyik".
Daha sonra çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bütün idmançıları qazanılan uğurlara görə təbrik edib.
Ç.Hüseynzadə bildirib ki, 2014-cü il Azərbaycan idmanı üçün nümunəvi il olub: "İlk dəfə Azərbaycanda ümumdünya idman jurnalistlərinin konqresi keçirilib. Bütün dünyadan gələn idman jurnalistləri Azərbaycandan, Bakıdan çox məmnun ayrılıblar və Azərbaycanda görülən işləri yüksək qiymətləndiriblər. Bundan əlavə, Bakıda Avropa Olimpiya Komitələrinin Baş Assambleyası keçirildi ki, bu da ölkəmiz üçün çox əhəmiyyətli bir hadisə oldu. Bu tədbirin iştirakçıları da ölkəmizdən məmnunluqla ayrıldılar. Bütün bu tədbirlər Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına xidmət edib".
Daha sonra Azərbaycanın idman komandaları və idmançıları Gənclər və İdman Nazirliyi tərəfindən təltif edilib.
İlin klubu adına "Qarabağ", yığma komandası adına isə voleybolçu qadınlardan ibarət Azərbaycan millisi layiq görülüb.
İlin ən yaxşı idmançıları adına Hacı Əliyev (sərbəst güləş), Mariya Stadnik (qadın güləşi), Yelena Vıstropova (boks), Xetaq Qazyumov (sərbəst güləş), Radik İsayev (taekvondo), Fərid Mayılov (kunq-fu), Rəsul Çunayev (Yunan-Roma güləşi), Elmar Qasımov (cüdo), Marina Durunda (bədii gimnastika) və Eduard Məmmədov (kikboksing) layiq görülüblər.
Tədbir bədii hissə ilə davam edib.
Mənbə:> ANSPRESS