İlham Əliyev Qələbə bayramı münasibətilə keçirilən mərasimdə iştirak edib
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.
Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva onları Qələbə Günü münasibətilə təbrik etdilər.
Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu.
Azərbaycan Prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşdü, onları Qələbə bayramı münasibətilə təbrik etdi.
Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoydu.
Dövlətimizin başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçdi.
Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.
Mənbə:> Oxu.Az