İranın qəfil qərarının səbəbi – EKSPERT RƏYİ
İran ona görə belə bir qərar verib ki, bundan sonra neft hasilatını artırmaq imkanı yoxdur.
Bunu Axar.az-a açıqlamasında İran neft hasilatının həcmi ilə bağlı OPEK-in qəbul etdiyi siyasətə qoşulmaq qərarını şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert hesab edir ki, bu, heç nəyi dəyişməyəcək:
“Neftin qiymətinin düşməsi onunla bağlı idi ki, İran dünya bazarına gündəlik 2,3 milyon barrel neft çıxarır və hasilatını sanksiyalara qədərki səviyyəyə çatdırırdı. İran buna çox qısa müddətdə nail oldu. Bununla əlaqədar olaraq da Tehran indi hasilatı dondurmağa hazırdır. Ancaq məsələ ondadır ki, bundan sonra İranın neft hasilatını artırmaq imkanı yoxdur. Ona görə də belə bir qərar verilib. Çünki neft səviyyəsini daha çox artırmaq üçün milyardlarla investisiya, xarici sərmayəni cəlb etməkçünsə yüksək şərtlər irəli sürülməlidir. İran isə buna hazır deyil.
Hazırda Liviyada neft hasilatı kifayət qədər azalıb və gündəlik 370 min barrelə düşüb. Nigeriyada da hasilat aşağı səviyyədədir. Bununla belə, neft qiymətləri hələ də 44-45 dollardır. Çünki hər iki ölkədə hasilatın aşağı enməsi münaqişələrlə bağlıdır. Əgər sözügedən ölkələr hasilatı artırsalar, yayda qiymətlər aşağı düşə bilər. Düzdür, İranın razılıq verməsi də yaxşı haldır, ancaq bu, neftin qiymətinə təsir etməyəcək”.
Qeyd edək ki, İran OPEK-in neft hasilatının dondurulması planına qoşulmağa hazır olduğunu açıqlayıb. Bu məsələdə son qərarın neft naziri Bijən Namdar Zəngənə tərəfindən veriləcəyi gözlənilir.
OPEK ölkələrinin növbəti görüşü isə iyunda Vyanada baş tutacaq.
Mənbə:> Axar.az