Ermənilər kütləvi şəkildə Rusiyaya köçürlər
Ermənilər kütləvi şəkildə Rusiyaya köçürlər. ANS PRESS-in məlumatına görə, bu iddia ilə Ermənistanın "Aykakan Jamanak" qəzeti çıxış edib.
Qəzet yazır ki, Ermənistandan Rusiyaya pul köçürmələrinin miqdarı ötən ilə nisbətən artıb.
"Əgər Ermənistandan Rusiyaya ötən ilin birinci üç ayında 28,6 milyon dollar köçürülmüşdüsə, bu ilin analoji dövründə bu göstərici 42,2 milyon dollar təşkil edib. Yəni, ümumi pul köçürmələri 50%-ə qədər artıb. Müşahidələr göstərir ki, bu artımın səbəbi həmyerlilərimizin uzun müddətdir ki, işlədiyi Rusiyaya öz ailələrini də aparmalarıdır. Həmçinin Rusiyada yaşayan ermənilər öz əmaklarını aparırlar”,-qəzet yazır.
Həmçinin Ermənistandan digər xarici ölkələrə pul köçürmələrinin miqdarı da artıb. Məsələn, ötən ilin ilk aylarında Ermənistandan xarici dövlətlərə 79 milyon dollar köçürmə həyata keçirilibsə, bu il bu göstərici 88 milyon dollar bərabər olub. Bu təxminən 10 faiz artım deməkdir.
Ermənistandan çıxan pulun miqdarı artsa da, ölkəyə daxil olan maliyyə vəsaitinin miqdarı azalıb. Ermənistanın Mərkəzi Bankının məlumatına görə, bu ilin birinci rübündə Ermənistana göndərilən pulun həcmi 45,3 milyon dollar olub. Bu ötən ilə nisbətən təxminən 10 faiz azdır. Yəqin ki, əhalinin əksəriyyəti Ermənistandakı sosial vəziyyətlərinin pis olmasına görə ölkəni tərk edirlər. Hətta bəzi hallarda ölkədə sosial vəziyyətin pis olmasına və bahalığa qarşı etiraz aksiyaları keçirilir. İqtisadi vəziyyətinin pisləşməsi fonunda Ermənistanda əhalinin də sayı azalmağa davam edir.
2016-cı ilin aprelin 1-nə Ermənistanda daimi yaşayanların sayı 2 milyon 944 min 400 nəfər olub. Bu barədə Ermənistanın Milli Statistika Xidmətinin hesabatında belə deyilir.
Hesabatda qeyd olunur ki, aprelin 1-nə Ermənistan əhalisinin sayı 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,4%, yəni 12 min 300 nəfər azalıb. İlin əvvəlindən 4 min 200 nəfər azalma qeydə alınıb. Səbəb miqrasiya axınının çoxalmasıdır. Əhalinin təbii artımı 1500 nəfər olub, miqrasiya axını isə 5 min 700 nəfər təşkil edib.
Milli Statistika Xidmətinin hesabatında bildirilir ki, bu il 1970-ci illərdən bəri Ermənistan əhalisinin sayı ilk dəfə 3 milyon nəfərdən azdır.
2016-cı ilin yanvar-mart aylarında ölkədə doğulan uşaqların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azalaraq 9 min 171 nəfər olub. Hesabatda ölüm hallarının da 1,4% azalaraq 7 min 647 nəfər təşkil etdiyi bildirilir.
Mənbə:> ANSPRESS