"4 günlük müharibə vaxtı Baş Qərargah rəisi bilyard oynayırdı" – FOTO
Qarabağda baş verən 4 günlük müharibədən sonra Erməsitan KİV-də ordudakı özbaşınalığı ifşa edən məqalələr davamlı olaraq dərc olunur. Bu dəfə isə Lragir.am tanınmış erməni saytının redaktoru Haykazn Qaqriyan yazdığı məqaləsində şok faktları açıqlayıb.
ANS PRESS-in məlumatına görə, jurnalist yazır ki, Qarabağda müharibə gedərkən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi eyş-işrətindən qalmayaraq bilyard oynamağa davam edib.
“Dünən axşam Ermənistan SQ Baş Qərargah rəisi Yuri Xaçaturov Qarabağa gəlib və “DQR” prezidenti Bako Saakyanla görüşüb. Aprel müharibəsi zamanı bu iki şəxs ziddiyyətli hərəkətləri ilə diqqət çəkdi. Məsələ burasındadır ki, hər ikisinin təmas xəttində Azərbaycan qoşunlarının yığılması barədə məlumatı var idi, lakin buna heç bir önəm vermirdilər. Saakyan müharibədən sonrakı birinci müsahibəsində bunu etiraf etdi. Xaçaturova gəlincə, KİV-də xəbər yayıldı ki, o, kəşfiyyat məlumatlarına fikir verməyərək davamlı bilyard oynayırdı”, - müəllif yazır.
Jurnalist vurğulayır ki, Ermənistanda qorxu sindromu getdikcə artır: “Azərbaycanın hərbi fəallığı yeni müharibəyə səbəb olacaqmı? Suala cavab vermək çətindir. Çünki bu dəfə gözlənilməzlik faktoru var.
Digər tərəfdən, tamamilə istisna etmək olmaz ki, Ermənistan - Azərbaycan münaqişəsi illəri ərzində təcrübəli hərbi ekspertlərin dediyi kimi əsas faktor dəyişib – azərbaycanlılar ermənilər qarşısında qorxularını çoxdan məhv ediblər.
Bu, erməni rəhbərliyindəkilərinin uğursuz siyasəti, qərarsızlığının nəticəsidir. Ermənilərdə isə qorxu qalmaqdadır.”
Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri növbəti dəfə təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb.
Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, iki yüzdən çox hərbi qulluqçusu ölüb və 500-dən çoxu yaralanıb.
Düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Aprelin 5-də isə Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin bərpası barədə razılıq əldə olunub. Lakin erməni silahlı bölmələri bu günə qədər cəbhədə atəşkəsi pozur və cəbhə bölgəsindəki yaşayış məntəqələrinə atəşə tutur.
Mənbə:> ANSPRESS