Türk haker qrupu Ermənistan saytlarını dağıdıb
Türk haker qrupu Ermənistanın rəsmi qurumlarına aid bir çox internet saytını dağıdıblar. ANS PRESS-in xəbərinə görə, bu barədə “Aslan Neferler Tim” adlı haker qrupunun sosial şəbəkədəki səhifəsində məlumat yayılıb.
Qrupun səhifəsində bildirilir ki, Ermənistan Baş Qərargah İdarəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Milli Arxiv İdarəsinin, Enerji Nazirliyinin, Mülki Aviasiya İdarəsinin, Dövlət Meteorologiya İdarəsi, Ekologiya Nazirliyi, Xüsusi Xidmət İdarəsi, İqtisadi İnkişaf üzrə Dövlət Komitəsi, Standartlaşdırma İdarəsi, Ombudsman Aparatı, Milli Olimpia Komitəsi və s. qurumların rəsmi internet saytları dağıdılıb.
“Aslan Neferler Tim” haker qrupunun səhifəsində bildirilir ki, Ermənistan dövlətinə yönəlmiş kiber hücumlar bundan sonra da çoxalaraq davam edəcək.
Dağıdılan saytlardan bəzisi öz fəaliyyətini bərpa etsə də, bir çox sayta giriş hələ də mümkün deyil.
“Aslan Neferler Tim” adlı türk haker qrupu bir müddət əvvəl Azərbaycana jest edərək Ermənistan Mərkəzi bankının rəsmi internet səhifəsini dağıtmışdılar. Bu barədə sosial şəbəkələrdə məlumat yayan qrup bu addımı azərbaycanlı qardaşlar üçün atdığını bildirmişdilər.
“Azərbaycanlı qardaşlarımız üçün Ermənistan Mərkəzi bankının rəsmi internet saytına girişin qarşısını aldıq”, – deyə qrupun açıqlamasında qeyd edilmişdi.
Cəbhədə gərginlik aprel ayının 2-si gecə saatlarından başlayıb. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb. Cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
Bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub.
Döyüşlərdə ermənilərə məxsus onlarla hərbi texnika, o cümlədən tank və artilleriya, mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Azərbacyan Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.
Mənbə:> ANSPRESS