Müdafiə Nazirliyi cəbhə ilə bağlı məlumat yaydı
Ermənistan silahlı birləşmələri ötən gecə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini artilleriya atəşinə tutub. Müdafiə Nazirliyi Mətbuat Mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, aprelin 27-si axşam saatlarından başlayaraq aprelin 28-i səhər saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Azərbaycan və Ermənistan arasında aprelin əvvəllərində 4 günlük müharibə baş verdi. Ermənilər aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində təxribata cəhd ediblər.
Azərbaycan Ordusu sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri ermənilərdən tam azad edib.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi ermənilərdən tam təmizlənib. Strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Daha sonra atəşkəs barədə razılıq əldə olunsa da Ermənistan silahlı qüvvələri aprelin 25-i gecə saatlarından etibarən cəbhə xəttində təxribatlara əl atıb. Erməni silahlı bölmələri Azərbaycanın cəbhə bölgəsində yerləşən yaşayış mənəqələrini artilleriya atəşinə tutub. Nəticədə 1 dinc sakin dünyasını dəyişib, 4 nəfər isə yaralanıb.
Mənbə:> ANSPRESS