Gürcüstandakı Rusiya “barmağı” Azərbaycandan tranzit yükdaşımaları necə əngəllədi? – FOTO
Türkiyədən Orta Asiyaya Azərbaycan üzərindəntranzit yük daşımalarına qarşı Gürcüstanda yaradılan müəmmalı əngəllər dözülməz səviyyəyə çatıb və yükdaşıyanlar artıq bu dəhlizdən istifadəni dayandırmaq məcburiyyətində olduqlarını deyirlər. ANS PRESS-in məlumatına görə, virtualaz.org xəbər verir ki, Türkiyənin Doğu Karadeniz İxarcatçılar Birliyinin başqanı Ahmet Hamdi Gürdoğan Gürcüstan tərəfinin türk TIR-larını əngəlləmək üçün müxtəlif maneələr yaratdığını, vəziyyətin dözülməz həddə çatdığını bildirib.
Xəbər verdiyimiz kimi Rusiya Türkiyə TIR-larının tranzit keçidini dayandırdıqdan sonra ötən ilin sonlarından etibarən Orta Asiyaya və geriyə yük daşıyan türk şirkətləri alternativ dəhliz kimi Gürcüstan, Azərbaycan və Xəzər dənizindən keçən marşrutu seçiblər. Azərbaycan prezidenti İlham Əliyev qədim “İpək yolu”nun bir hissəsi olan bu nəqliyyat dəhlizindən tranzit yükdaşımaları asanlaşdırmaq üçün qısa müddətdə addımlar atıb.
Gömrük prosedurları maksimum sadələşdirilib, yükdaşımaların tarifləri kəskin aşağı salınıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tranzit yüklərin qəbul edilib yola salınması asanlaşdırılıb.
Habelə Qazaxıstan tərəfi yükdaşımaları asanlaşdıran addımlar atıb. Lakin gözlənilmədən Gürcüstan bu dəhlizin işini əngəlləməyə başlayıb və bunun arxasında əslində siyasi səbəblərin dayandığını göstərən ciddi əlamətlər var.
Ahmet Hamdi Gürdoğan deyir ki, sərhəd-keçid məntəqələrində heç bir problemin olmamasına baxmayaraq türk TIR-ları Gürcüstan ərazisinə daxil olan kimi əngəllər başlayır. Maşınlar məcburi qaydada dayanacaqlara çəkilir, onların yükü boşaldılır, yoxlanılır və yenidən yüklənir. Dayanacaqda dayanmağa görə əlavə haqq alınır.
“Gürcüstan üzərindən Azərbaycana tranzit yükdaşıyan türk TIR-ları gömrük məntəqələrində həftələrlə, bəzən aylarla ləngidilir, yüklər əsassız yerə boşaldılır, daşınan mallara zərər vurulur. Bu çətinliklərdən yaxa qurtarmaq üçün sürücülərdən 1200 dollar rüşvət tələb edirlər. Gürcüstan tərəfinin zorbalıqları yükdaşıyanları cana doydurub”-Gürdoğan deyir.
Ahmet Gürdoğanın bildirdiyinə görə, bütün bu əngəllər təxminən üç aydır başlayıb. Yəni Türkiyə TIR-larına Rusiyanın sanksiya tətbiq etməsindən sonraya təsadüf edib. Onun sözlərinə görə, əgər gürcü tərəfi bu maneələri dayandırmasa ixracatçılar yaxın həftələrdə Orta Asiyaya ixracatı tamamilə dayandırmalı olacaqlar.
Gürcüstanda gömrük prosedurları indiyə qədər region ölkələri arasında ən nümunəvi hesab edilirdi və türk TIR-ları təzəcə bu dəhlizdən istifadə etməyə başlayanda sürücülər Gürcüstanda cəmi bir neçə dəqiqəlik prosedurlardan sonra sərhədi keçdiklərini deyirdilər.
Lakin indi məhz türk TIR-larına qarşı, özü də Azərbaycan üzərindən Orta Asiyaya tranzit yük daşıyan maşınlara qarşı bu əngəllər yaradılır. Gürcüstan tərəfi hər şeyi edir ki, türkiyəli yükdaşıyanlar bu dəhlizdən imtina etsinlər. Və bunun arxasında siyasi səbəblərin olduğu aşkardır.
Çünki Rusiyaya alternativ nəqliyyat dəhlizindən istifadənin genişlənməsi Moskvanın maraqlarına uyğun deyil. Gürcüstanda isə Rusiyadan yönləndirilə bilən koalisiya hakimiyyətdədir və göründüyü kimi lazım olan məqamda bu rıçaqlar işə düşür.
Mənbə:> ANSPRESS