Azərbaycan və Gürcüstan yeni tranzit tariflərini elan edəcək
Azərbaycan və Gürcüstan yeni tranzit tariflərini bu həftə elan edəcək.
Oxu.Az İqtisadiyyat və Sənaye nazirliyinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan gürcü həmkarı Dimitri Kumsişvili ilə görüşündə deyib.
“Azərbaycan tranzit yükdaşımalarının həcminin artırılması sahəsində qonşu Gürcüstanla əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu sahədə optimallaşdırılmış tarif siyasətinin həyata keçirilməsi, mövcud prosedurların sadələşdirilməsi, koordinasiya işlərinin gücləndirilməsi vacibdir”, - deyə Ş.Mustafayev deyib.
Öz növbəsində, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri D.Kumsişvili Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasını tranzit daşımalarının həcminin artırılmasında mühüm addım kimi qiymətləndirib, tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını vurğulayıb.
Görüşdə həmçinin ticarət, investisiya və digər məsələlər də müzakirə olunub.
Mənbə:> Oxu.Az