Ermənistanı Azərbaycanla bağlı ən çox düşündürən sual
Cəbhə xəttində keçirilən hərbi əməliyyatlardan sonra Ermənistan cəmiyyətində bəlkə də ən çox müzakirə olunan məsələlərdən biri Azərbaycanın sahib olduğu müasir silahlardır.
ANS PRESS-in məlumatına görə, Ermənistan mətbuatında yazılan məqalələrdə hərbi ekspertlərə ən çox verilən suallardan biri budur ki, Ermənistan ordusu niyə bu tip müasir silahlara malik deyil?
Niyə silah istehsalı üçün Ermənistanın öz mütəxəssislərindən istifadə olunmur? Niyə dövlət büdcəsində silahlanma üçün az pul ayrılır? Bu suallar həmçinin ermənilər tərəfindən sosial şəbəbəkələrdə də müzakirə olunub. Ermənistanın “hetq.am” saytı Ermənistan cəmiyyətini düşündürən bu suallara cavab tapmağa çalışıb.
“Aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan – Ermənistan təmas xəttində döyüşlər başladı. Əməliyyatların gedişatında Azərbaycan artilleriya silahlarından istifadə etdi. Nəticədə məlum oldu ki, Ermənistan ordusunun onlara cavab verəcək müasir silahları yoxdur”, - deyə dərc olunan məqalədə hərbi ekspertlər qeyd edilib.
Ermənistanın hərbi mütəxəssislərinin fikrincə, 22 illik atəşkəsdən sonra bu ən genişmiqyaslı hərbi əməliyyatlar idi. “Döyüşlərin gedişində Ermənistanın müasir silahlarının olmadığı ortaya çıxdı. Prezident Serj Sarkisyan Almaniyada Angela Merkellə keçirdiyi mətbuat konfransında Ermənistanın silahlarının 80-ci illərdən qaldığını qeyd etdi”, - deyə mütəxəssislər bildirib.
Qeyd edilir ki, Ermənistanın 2015-ci il üçün nəzərdə tutulan büdcəsində vəsaitin 15 %-i hərbiyə , 6,4% -i səhiyyə, 9,6%-i isə təhsilə ayrılıb.
Amma büdcə vəsaitləri effektiv xərclənmir. “Ona görə də Ermənistanın müasir silahları yoxdur”, - deyə məqalədə qeyd edilib.
Erməni mütəxəssislər büdcədən ayrılan pulların hərbi məqsədlər üçün necə effektiv xərclənməsinin yollarını da göstərirlər. Onların fikrincə, müasir silahların alınması üçün məmurlar üçün xidməti avtomobillərin alınması, onların ezamiyyət xərcləri və digər lüzümsuz xərclər azaldılmalıdır.
Həmiçin mütəxəssislər bildirir ki, biznesi olan məmurlar dövlət büdcəsinə vergilərini şəffaf formada ödəsinlər, bu hərbi xərclərin artırılmasına böyük dəstək verər. Nəticədə Ermənistan ordusuda müasir silahlarla təchiz edilər.
Cəbhə xəttində aprelin 1-dən 5-nə kimi davam edən hərbi əməliyyatlar zamanı Ermənistan ordusu əsas strateji yüksəkliklərini itirib. Bu isə rəsmi İrəvan üçün gözlənilməz zərbə oldu. Əməliyyatlardan sonra Ermənistan cəmiyyətində hakimiyyətə qarşı çıxışlar artdı. Buna əsas səbəb kimi Ermənistan rəhbərliyinin xalqı uzun illər “bizim güclü ordumuz var” deyə aldatması göstərilir.
Amma əməliyyatlardan sonra Serj Sarkisyan da Almaniya səfəri zamanı Azərbaycan ordusunun daha güclü olduğunu etiraf etdi. "Azərbaycanın modern silahlara sahib olduğu son 3 gündə özünü göstərdi".
Daha sonra Ermənistan rəhbərliyi Rusiya və İsrailə Azərbaycana silah satdığına görə etriazını bildirdi. Amma bu müraciətlərin heç bir nəticəsi olmadı.
Aprelin 8-də Bakıda səfərdə olan Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Rusiya mövcud müqavilələrə uyğun olaraq Azərbaycana silah satışını davam etdirəcək.
Məlumata görə, İsrail tərəfindən Azərbaycana yeni pilotsuz uçuş aparatlarının (PUA)- dronlarınsatışı planlaşdırılır.
Mənbə:> ANSPRESS