Almaniya XİN rəhbəri: "Status-kvonun qorunması Qarabağda vəziyyəti kəskinləşdirə bilər"
Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılmalıdır, çünki regionda vəziyyət çox kövrəkdir. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bunu bu gün Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
"Hazırda vəziyyət çox kövrəkdir", - alman diplomatiyasının başçısı belə deyib. Onun sözlərinə görə, status-kvo qorunub saxlanarsa, bu, vəziyyətin təkrarən kəskinləşməsinə gətirib çıxara bilər.
Almaniya XİN rəhbəri hazırkı mərhələdə Qarabağ münaqişəsində gərginliyi azaltmaq üçün zəruri olan bir neçə şərti sadalayıb.
"Birincisi, silahdan istifadə edilməməsinə dair uzunmüddətli anlaşma lazımdır. İkincisi, sabitləşdirici və etimad yaradan tədbirlər prosesinə başlamaq zəruridir ki, regionun gələcək statusu barədə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpası üçün hazırlıq işləri görülsün. Çox istərdim ki, bütün bunlar yaxın gələcəkdə baş versin", - bu gün Ermənistan prezidenti Serj Sərkisyanla görüşmüş Ştaynmayer belə deyib.
Mənbə:> Virtualaz.org