Ştaynmayer: Qarabağ “dondudurulmuş” münaqişə deyil
Almaniya Minsk Qrupunun rəhbərliyi altında danışıqların intensivləşdirilməsinin tərəfdarıdır.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in hazırkı sədri, Almaniyanın xarici işlər naziri Frank-Volter Ştaynmayer Avropada təhlükəsizliyin təminatına həsr edilmiş məqaləsində yazır.
“Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, təmas xətti, eləcə də Azərbaycan və Ermənistan sərhəddi boyunca silahlı toqquşmalar bizdə narahatlıq yaradır”, - ATƏT-in sədri öz məqaləsində vurğulayıb.
Onun sözlərinə görə, bu istiqamətdə əsas addım atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizminin yaradılması olardı.
“Mən Dnesteryanı, Dağlıq Qarabağ və Cənubi Qafqazda həll edilməmiş münaqişələri “dondudurulmuş” adlandırmaq istəməzdim. Hər il bu münaqişələr regionda insanların zərər çəkməsinə, vəziyyətin gərginləşməsinə gətirib çıxarır.
Biz atəşkəs rejimini möhkəmləndirmək, etimadı bərpa etmək və iqtisadi mübadiləni yaxşılaşdırmaq kimi addımlarla insanların həyatını yaxşılaşdırmaq istəyirik”, - Ştaynmayer əlavə edib.
Mənbə:> Oxu.Az