Avropa İttifaqı Türkiyə ilə bağlı qərar qəbul etdi
Avropa İttifaqına üzv ölkələrin liderləri Ankara ilə miqrasiya sazişinə dair ümumi mövqeni razılaşdırıblar və bu, martın 18-də sammitdə müzakirə olunacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Lüksemburqun baş naziri Ksavye Bettel bildirib.
“Aİ-nin mövqeyi üzrə razılıq əldə olunub, Aİ Şurasının sədri Donald Tusk sabah şuranın toplantısından əvvəl onu Türkiyənin baş nazirinə təqdim edəcək”, - deyə Bettel Twitter-də bildirib.
Cümə günü Brüsseldə Aİ-Türkiyə sammiti keçiriləcək. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun plan təsdiqlənəcək. Bu planın əsas prinsipləri martın 7-də razılaşdırılıb.
Türkiyə ölkəyə gələn qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları isə Aİ-nin vəsaiti hesabına ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir. Bunun müqabilində Türkiyə ilə viza rejiminin sadələşdirilməsi və Aİ-yə üzvlük üzrə danışıqların tezləşdirilməsi, həmçinin 3 mlrd. avro vəsaitin ayrılması nəzərdə tutulub.
Mənbə:> Oxu.Az