Məmmədyarov: Onlar Azərbaycanı tərk etdikdən sonra araşdırılmalı nəsə qalmayacaq
Təmas xəttində atəşkəsin pozulmasının qurbanları arasında əksər çoxluğu Azərbaycanın dinc əhalisi təşkil edir. Azərbaycanlı əhali uzun əsrlərdir yaşadığı torpaqlarından sadəcə azərbaycanlı olduqları üçün didərgin salınıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın “Kommersant” qəzetinə verdiyi müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bu cür mexanizmin yaradılmasının labüdlüyü məsələsini Ermənistan məqsədli şəkildə gündəliyə salmaq istəyir.
“Bu, münaqişənin hərtərəfli siyasi-hüquqi həllindən diqqəti yayındırmaq, status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin işğalını davam etdirmək üçün Ermənistana lazım olan texniki məsələdir.
Biz əvvəllər də demişik ki, insidentlərin araşdırılması mexanizmi erməni silahlılarının oradan çıxarılması prosesindən sonra baş verə bilər. Erməni silahlılar Azərbaycan ərazilərini tərk etməlidirlər. Bununla insidentlər bitəcək, araşdırılmalı nə isə qalmayacaq”, - Məmmədyarov bəyan edib.
Tənzimləməyə Minsk qrupunun fəaliyyətinə əlavə olaraq danışıqlar formatının da əlavə edilməsinin labüdlüyünə dair suala cavab verərkən nazir qeyd edib ki, yenidən velosiped ixtira etməyə gərək yoxdur.
“Münaqişənin həll edilməsi üçün hüquqi əsas BMT Təhlükəsilik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılması barədə qətnamələri əsasında çoxdan müəyyən edilib.
Minsk qrupunun həmsədrləri mandatlarına uyğun olaraq tutarlı tədbirlər görməli və erməni tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməlidir. Lakin İrəvan istənilən şəkildə bu prosesə əngəl törədir, həmsədrlər də bunu çox yaxşı bilirlər”, - Məmmədyarov cavab verib.
Mənbə:> Oxu.Az