Elmar Məmmədyarov: Ermənistan nəyi gözləyir?
ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə 2015-ci il dekabrın 19-da dövlət başçıları səviyyəsində İsveçrənin paytaxtı Bern şəhərində görüşün keçirilməsi müsbət haldır. Bu görüşün təşkil edilməsi məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrləri və ev sahibi kimi İsveçrə hökuməti tərəfindən göstərilən səyləri təqdirəlayiq hesab edirik.
AzNews.info xəbər verir ki, bunu AzərTAc-a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
Onun sözlərinə görə, işğal və təcavüzə məruz qalan və bir milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində olan dövlət kimi, Azərbaycan münaqişənin tezliklə həllində ən maraqlı tərəf olaraq məzmunlu və nəticə yönümlü danışıqların həmişə tərəfdarı olub.
“Azərbaycan hazırda danışıqlar masasında olan təkliflər əsasında konstruktiv müzakirələrə hazırdır və Bern görüşündə bu mövqe bir daha bəyan olundu”, - deyə, nazir bildirib.
E. Məmmədyarov qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi münaqişənin həlli ilə əlaqədar münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana təkliflər təqdim olunub.
“Bu təkliflər ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri tərəfindən də dəstəklənir. Təsadüfi deyil ki, bu təkliflərin müzakirəsi ilə əlaqədar 2014-cü il ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda və Yerevanda işgüzar səfərlərdə oldu və təkliflərlə əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ilə fikir mübadiləsi apardı. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Federasiyasının münaqişənin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk.
Bu təkliflər 2014-cü il ərzində prezidentlərin Soçi, Nyu-Port və Paris görüşləri zamanı əldə edilmiş razılaşmaları ehtiva edərək, yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. Altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri isə geniş ictimaiyyətə bəllidir. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında olan işğal edilmiş rayonların mərhələli şəkildə işğaldan azad edilməsi, o cümlədən digər məsələlər əks olunub", - deyə XİN başçısı qeyd edib.
Mənbə:> AzərTAc