Nazir Brazilya Senatının komitə sədri ilə görüşüb – FOTO
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Braziliya Senatının komitə sədri Kristovam Buarke ilə görüşüb
AzNews.info xəbər verir ki, 04 mart 2016-cı il tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Braziliya Senatının komitə sədri Kristovam Buarkenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan-Braziliya arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Senator Kristovam Buarke Azərbaycanın mədəniyyət sahəsindəki fəaliyyətini alqışlayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərə xüsusi maraq göstərdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan mədəniyyəti olduqca yüksək səviyyədə beynəlxalq aləmdə təbliğ olunur, multikulturalizm və tolerantlıq nümunəsi kimi dünyaya səs salır.
Nazir cənab Əbülfəs Qarayev görüşdə 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, 2008-ci ildən ölkəmizdə keçirilən Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verdi. Nazir həmçinin, nümayəndə heyətinin rəhbərini 7-ci Qlobal Foruma və 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etdi.
Görüşün sonunda gələcəkdə mədəniyyətlərarası dialoq sahəsində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağı qeyd olundu.
Mənbə:> AzNews.info