Ərdoğan: Bizim bayrağımız heç bir zaman enməyəcək
Birliyimizə və millətimizin bərabər hüquqluluğuna yönəlmiş bu terror aktları bizi bu şər qüvvələrə qarşı mübarizədə daha da sıx birləşdirir.
Oxu.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Ankarada terror aktı ilə əlaqədar bəyanatında deyib.
“Türkiyənin özünümüdafiəyə dair qanuni hüququ müzakirə edilmir, biz öz hüquqlarımzı lazım bildiyimiz hər yerdə və istənilən vaxt tətbiq edirik”, - o bildirib.
Prezident qeyd edib ki, terror ilə türk xalqını qorxutmaq mümkün deyil.
“Bizə qarşı teror təşkilatlarından istifadə edən qüvvələr, bizim ədalətli mövqeyimizi dəyişə və Türkiyəni inkişaf yolundan döndərə biləcəklərini düşünərək yanılırlar. Vətənin azadlığı və müstəqilliyi uğrunda canını verən hər bir qəhrəman Türkiyənin vahid və bölünməz olduğunu, bayrağımızın bir daha enməyəcəyini sübut edir”, - öz bəyanatında prezident Ərdoğan bəyan edib.
“Torpaq, əgər uğrunda olan varsa, Vətəndir!” inancının 79 milyon vətəndaşın qəlbimə sarsılmaz bir inam kimi daxil olduğunu xatırladan Ərdoğan, terrorla mübarizə mövzusunda uzun və acı təcrübələrlə dolu bir yol keçmiş Türkiyənin bu hücumların da öhdəsindən gələcəyini bəyan edib.
Mənbə:> Oxu.Az