Strasburqda AŞPA-nın qış sessiyası başlayır
Avropa Şurasının Parlamentlərarası Assambleyasının növbəti qış sessiyası bu gün Strasburqda öz işinə başlayacaq.
Oxu.Az xəbər verir ki, sessiya çərçivəsində Azərbaycan üzrə iki məruzənin müzakirəsi baş tutacaq.
Yanvar ayının 26-da Robert Uolterin (Böyük Britaniya) “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması” və deputat Militsa Markoviçin (Bosniya və Herseqovina) “Azərbaycanın sərhədyanı regionlarının qəsdən sudan məhrum edilmiş sakinləri” məruzələri müzakirə ediləcək.
Eləcə də sessiya çərçivəsində Bolqarıstan prezidenti Rosen Plevneliyevin çıxışı gözlənilir.
Deputatlar Avropada mühacirlər böhranı, Suriya və İraqda döyüşən xarici yaraqlılar, Avropa İttifaqı ölkələrində insan haqlarının müdafiəsinin və rolunun möhkəmləndirilməsi kimi məsələləri müzakirə edəcəklər.
Bununla yanaşı, İnsan Haqları üzrə Avropa Məhkəməsinə (İHAM) hakimlərin seçkiləri də baş tutacaq.
Sessiya öz işini yanvar ayının 29-da başa çatdıracaq.
Mənbə:> Oxu.Az